Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Misli Premyer Liqasında yaranan yay fasiləsi ilə əlaqədar klublar transfer çalışmalarını davam etdirirlər. Əlbəttə, yeni mövsümə hansı komandanın nə dərəcədə hazır olduğunu çempionat başlayandan sonra görəcəyik. Amma elita təmsilçiləri arasında Azərbaycanı avrokuboklarda təmsil etmək hüququ qazananlar da var və bu kollektivlərin vaxtı daha azdır. Klubların hazırlıq dönəmindən necə faydalandıqlarını nəzərdən keçirəcəyik.
Çempion "Qarabağ" imicinə sadiqdir
Mövsüm başa çatandan sonra 3 əsas heyət üzvü ilə yollarını ayıran ağdamlılar Dani Bolt və Pedro Bikalyonun timsalında artıq 2 transfer reallaşdırıb. Avrokubok mübarizəsinə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindən başlayacaq Azərbaycan çemponu "Şelburn" (İrlandiya) – "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Hazırda Avstriyada təlim-məşq toplanışında olan "ağ-göylər" ilk yoxlama oyunlarını Bakıda "Zirə"yə qarşı (4:0) keçiriblər. Artıq Avropadakı hazırlığın da müəyyən bölümünü geridə qoyan "Qarabağ" Avstriyada Xarkov "Metallist"i ilə sınaq matçı (4:5) keçirməyə də imkan tapıb. Əlbəttə, uzun müddətdir ölkənin ən güclü komandası ünvanını özündə saxlayan "köhlən atlar"ın 2 yeni transferlə kifayətlənməyəcəyi dəqiqdir. İndiki durumda isə baş məşqçi Qurban Qurbanovun özünün də "Metallist"lə matçdan sonra dediyi kimi, hələ komandanın oyununda müəyyən çatışmazlılar, oyun qurmaqla bağlı problemlər var. Hərçənd 16 iyul tarixinədək davam edəcək hazırlıq çərçivəsində daha 3 yoxlama görüşünə çıxacaq Ağdam təmsilçisinin planauyğun fəaliyyətlə diqqət çəkdiyi də faktdır. Ötən il avrokuboklarda azarkeşlərini arzulanan səviyyədə sevindirə bilməyən kollektiv qarşıdakı "futbol ili"ndə daha artığını etməkdə israrlıdır. Bizə gözləmək qalır.
Gələnlər: Rüstəm Əhmədzadə ("Zirə", icarədən qayıdıb), Dani Bolt ("Torrense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya).
Gedənlər: Yassin Benzia, Marko Veşoviç, Patrik Andrade ("Araz-Naxçıvan"), İsmayıl İbrahimli ("Zirə")
Müqavilə müddətini artıranlar: yoxdur
"Zirə" ulduzunu sata bilər, amma...
Razılaşaq ki, Rəşad Sadıqovun çalışdırdığı kollektiv geridə qalan mövsümdə yetərincə xoş təsir bağışlayıb. Oyun planında böyüdüyü aşkar sezilən "qartallar"ın heyətinə nəzər salsaq, ciddi itki yalnız Rafael Utziqdir. Hərçənd komandadan ayrılmaq istədiyini bildirən və hələ də düşərgəyə gəlməyən alman əsilli braziliyalı hücumçunun yoxluğunun dərindən hiss olunmayacağını da güman edə bilərik. "Şamaxı"dakı performansı ilə çox şey vəd edən fransalı Brahim Konate başda olmaqla, bir neçə transfer reallaşdırılıb. Düzdür, komandanın ən səviyyəli legionerlərindən birinin - cinah hücumçusu Salifu Sumanın satılması da söhbət mövzusudur, lakin bu məsələ hələ də açıq qalır. Hazırda Türkiyədə təlim-məşq toplanışında olan qəsəbə təmsilçisi UEFA Konfrans Liqasında qarşılaşacağı "Hayduk"la matçadək daha mütəşəkkil kollektivə çevrilməyə çalışır.
Gələnlər: Brahim Konate ("Şamaxı"), Yeqor Boqomolski ("Neftçi"), İsmayıl İbrahimli, Rövlan Muradov ("Sumqayıt"), Abdulaziz Batibie.
Gedənlər: Rüstəm Əhmədzadə ("Qarabağ", icarə müqaviləsi bitib), Pyer Zebli, Məqsəd İsayev
Müqavilə müddətini artıranlar: Ruan Renato, Anar Nəzirov, Hacıağa Hacılı, Georgi Papunaşvili.
“Araz Naxçıvan" Ribeyroni itirsə də...
6 futbolçusu ilə yollarını ayıran "Araz-Naxçıvan"ın müdafiəçi Felipe Ribeyronu heyətdə saxlaya bilməməsi ən ciddi məqamdır. "Neftçi"yə keçən barziliyalı mərkəz müdafiəçisinin komandanın ötən mövsümü 3-cü yerdə başa vurmasında böyük rolu var. Naxçıvan təmsilçisinə yeni qoşulanların sayı isə ümidsizliyə qapılmağa əsas vermir. Nəzərə alaq ki, gələnlərin arasında səviyyəsi şübhə doğurmayan adların olması ümidverici məqamdır. Məntiqlə, baş məşqçi Elmar Baxşıyevin işləri qaydasındadır. Bu başqa məsələ ki, yenilərin uyğunlaşması müəyyən vaxt apara bilər. Təbii, Türkiyənin Ərzurum bölgəsində hazırlığını davam etdirən və ilk yoxlama görüşündə yerli "Bayburtspor"u 14 cavabsız qolla yenən "qırmızı-ağlar"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Aris"lə (Yunanıstan) keçirəcəyi birinci matçadək (ilk görüş iyulun 24-də Bakıda, cavab oyunu isə 31-də Salonikidə baş tutacaq) bütün istiqamətlərdə "artırmaq" imkanı var.
Gələnlər: Bar Cohen (“Makkabi Netaniya”, İsrail), Çance Simakala ("Osnabruk", Almaniya), Bruno Franko ("Lokomotiv", Bolqarıstan), Çarles Boli ("Apollon", Kipr), Patrik Andrade ("Qarabağ"), Hamidu Keyta ("Konyaspor", Türkiyə).
Gedənlər: Vadim Abdullayev, Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias, Miço Kuzmanoviç, Felipe Ribeyro ("Neftçi").
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), Kristian Avram, İssuf Paro, Tərlan Əhmədli, Ömər Buludov, Ülvi İsgəndərov, Ürfan Abbasov, Bəxtiyar Həsənalızadə, Qara Qarayev, Slavik Alxasov, Vanderson Melo, Nuno Rodriges, Ramon Maçado, Elçin Mustafayev, Turan Vəlizadə.
"Turan Tovuz" hələ 1 transfer edib
Avrokuboklara vəsiqə qazanmağa yaxın olan, ancaq Azərbaycan Kubokunun finalında "Sabah" "Qarabağ"a qalib gəldiyi üçün son anda qitəmiqyaslı Konfrans Liqasında olmayacağı dəqiqləşən "Turan Tovuz" hələ yalnız 1 transfer rreallaşdırıb. 9 oyunçusu ilə əməkdaşlığa son qoyan qərb təmsilçisinin David Oliveyra Tavareş ilə kifayətlənməyəcəyi şübhə doğurmur. "Boz-qurdlar"ın təcrübəli baş məşqçisi bilir ki, qarşıdakı mövsümdə avrokuboklara vəsiqə verən yerlərdən birini tutmaq daha çətin olacaq. Maddi sıxıntı yaşamayan, böyük azarkeş dəstəyinə malik tovuzluların çempionatın startınadək azı daha 5-6 yeni futbolçu ilə güclənəcəyi bəlli həqiqətdir.
Gələnlər: David Oliveyra Tavareş ("Buzau", Rumıniya), Raul Məmmədov (icarədən qayıdıb, "Mingəçevir")
Gedənlər: İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, Eltun Turabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, Anton Kraçkovski, Sadiq Quliyev
Müqavilə müddətini artıranlar: yoxdur
"Sabah" hamıdan tez başlayacaq
Artıq Azərbaycan Kubokunun son qalibinə ilk titulunu qazandıran rusiyalı Vasili Berezutski deyil, litvalı Valdas Dambrauskas rəhbərlik edir. "Sabah" mübarizəyə hamıdan tez başlayacaq. "Bayquşlar" artıq sabah UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Masazırda Sloveniya "Sele"si ilə qarşılaşacaqlar. Komandadan ayrılan və heyətə cəlb edilən oyunçuları müqayisə etsək, hər şey məntiqəuyğun görünür. Yəni "çəhrayı-qaralar"ın hansısa futbolçunu itirdiyini və bu itkinin komandanı zəiflətdiyini söyləmək olmaz. "Sabah" Avstriya toplanışını bir neçə gün öncə başa vurraraq Azərbaycana qayıdıb. Sözügedən toplanışda reallaşan iki yoxlama oyunundakı nəticələrə gəlincə, Rumıniya "Rapid"i (2:2) və Macarıstan "Pakş"ı (3:3) ilə heç-heçələrdə müdafiə xəttinin bir qədər zəif təsir bağışladığını iddia etmək mümkündür. Hərçənd Dambrauskas nəyə qadir olduğunu nəticəsi ciddi önəm daşımayan sınaq qarşılaşmalarında yox, rəsmi oyunlarda isbatlamalıdır.
Gələnlər: Fəxri Məmmədli ("Şamaxı", icarədən qayıdıb), Rauf Rüstəmli ("Şamaxı", icarədən qayıdıb), Akim Zedadka ("Pyast", Polşa), Valdas Dambrauskas (baş məşqçi), Stiv Solvet, Zinədin Uld Xaled
Gedənlər: Vasili Berezutski (baş məşqçi), Şakir Seyidov, Con İrasabal, Namik Ələsgərov, Vinsent Till, Sofian Çakla, Şakir Seyidov ("Kəpəz").
Müqavilə müddətini artıranlar: Rəhman Daşdəmirov, Anatoli Nuriyev
"Neftçi" üçün həqiqət anı
Ötən mövsümü titulsuz başa vuran "Neftçi"dən gözləntilər böyükdür. Baş məşqçi Samir Abasov mücadiləyə özünün formalaşdırdığı heyətlə start verəcək. Təbii ki, heyətdəki islahatlar dərhal diqqət çəkir. Yalnız qapıçı Emil Balayevlə müqavilə yeniləyən "ağ-qaralar" 10 futbolçu ilə vidalaşıblar. İndilik bakılıların sıralarına 6 yeni oyunçu qatılıb, lakin yenilərin sayının artacağı məlumdur. Abasov bilir ki, məsuliyyət öz üzərindədir və bu səbəbdən seçim edərkən tələsməməyə çalışır. Bəli, 2005/2006 mövsümü həm Abasov, həm də "Neftçi"nin özü üçün həqiqət anıdır. Flaqman iyulun 15-də Polşaya yollanaraq hazırlığını bu ölkədə davam etdirəcək.
Gələnlər: Sessi D Almeyda ("Apollon", Kipr), Luis Ortis ("Sportivo Ameliano", Paraqvay, icarə), Murad Xaçayev "(Sumqayıt"), Elvin Bədəlov ("Sumqayıt"), Felipe Ribeyro ("Araz-Naxçıvan"), İmad Faraj (AEK, Kipr).
Gedənlər: Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı ("İmişli"), Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin (icarə müqaviləsi bitib), Dembo Darbo, Filip Ozobiç, Ervin Koffi.
Müqavilə müddətini artıranlar: Emil Balayev
"Şamaxı"nın Abbasovu var
Dövlətin ayırdığı 2,5 milyon manat büdcə ilə ayaqda qalmağa çalışacaq "Şamaxı" hələ əlavə sponsor tapmayıb. "Aslanlar"ın məhdud büdcə fonunda yenə iddialı olmayacağı gün kimi aydındır. Bununla belə, bölgə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov "silahı yerə qoymaq" niyyətində deyil. Ötən mövsüm komandanı elitada saxlamağı bacaran Abbasovun rəhbərliyi altında eyniadlı şəhərin təmsilçisinin yenə döyüşəcəyini proqnozlaşdırmaq çətin deyil. Brahim Konate, Leroy Mikels kimi aparıcı oyunçuları heyətdə saxlamaq mümkün olmasa belə...
Gələnlər: Emil Süleymanov ("Qəbələ", icarə), Oruc Məmmədov ("Səbail"), Həbib İsmayılov ("Neftçi), Dioqu Balau, Karim Rossi ("Şaffhauzen", İsveçrə), Sezar Dias Santos ("Caxias", Braziliya).
Gedənlər: Kamal Bayramov (karyerasını bitirib), Brahim Konate ("Zirə"), Leroy Mikels, Vasiliye Bakiç, Vasiliye Radenoviç, Maykl Tuik, Fəxri Məmmədli ("Sabah", icarə müqaviləsi bitib), Murad Vəliyev, Rauf Rüstəmli ("Sabah", icarə müqaviləsi bitib), Cəlal Hüseynov ("Arda"/Bolqarıstan, icarə müqaviləsi bitib), Vüsal Məsimov.
Müqavilə müddətini artıranlar: Rikardu Fernandeş, Alfons Msanqa, Abdulla Seydəhmədov, Rafael Məhərrəmli
"Sumqayıt" "oyanmaq" üzrədir
Bir neçə gün öncə komandanın serbiyalı mütəxəssis Saşa İliçə tapşırıldığını açıqlayan "Sumqayıt" nə transfer reallaşdırıb, nə də hazırlıq planını açıqlayıb. Hə, sabiq "Qalatasaray"lı "kimyaçılar"ı bir araya gətirərək onlarla tanış olmağa imkan tapıb, amma hazırda komandadakı oyunçu sayı heç düz-əməlli məşq keçməyə də imkan vermir. "Gənclik şəhəri" təmsilçisi belə desək, yuxudan oyanmaq üzrədir. 8 futbolçusu ilə əməkdaşlığa son qoyan sumqayıtlılar bir qədər geciksələr də, hələ qatar getməyib. Hər şey klubdakıların qarşıdakı bir ay ərzində fəaliyyətindən asılı olacaq.
Gələnlər: Saşa İliç (baş məşqçi)
Gedənlər: Vüqar Mustafayev (karyerasını bitirib), Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov
Müqavilə müddətini artıranlar: yoxdur
"Kəpəz"də tufanqabağı sakitlikdir
Adil Şükürovu baş məşqçi postuna gətirən "Kəpəz" hazırlığa ayın əvvəlindən başlayıb. Hələ "Sabah"dan ötən mövsüm istədiyi Şakir Seyidovu rənglərinə bağlayan Gəncə komandasının son klubu "Boavişta" olan Pedru Qomeşi heyətinə qatması səviyyəli legioner axtarışlarını sürdürməsinə əyani sübutdur. Yalnız iki əcnəbi - Paçu Lira və Mahamadu Ba ilə müqavilə yeniləyən 11 futbolçusu ilə vidalaşan "sarı-göylər" gedənlərin yerinə daha üstün keyfiyyətə malik oyunçular gətirməyi planlaşdırır. Yəni hazırkı dönəmi "Kəpəz" üçün müəyyən anlamda tufanqabağı sakitlik adlandırmaq yerinə düşər. Ötən mövsümün gedişində yeni sponsoruna qovuşan gəncəlilərin iddiasını artırdığı və yeni "futbol ili"ndə avrokuboklara vəsiqə qazanmağa çalışacaqları gözlənilir.
Gələnlər: Adil Şükürov (baş məşqçi), Şakir Seyidov ("Sabah"), Pedru Qomeş ("Boavişta").
Gedənlər: Azər Bağırov (baş məşqçi), İqor Xvalko, Karim Lkoça, Radi Ardazişvili, Trent Buhagiar, Dioqu Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov.
Müqavilə müddətini artıranlar: Paçu Lira, Mahamadu Ba
"Qəbələ"nin böyük iddiası yoxdur
1-ci Liqada çempion olaraq birillik fasilədən sonra elitaya qayıdan "Qəbələ"nin o qədər də böyük iddiası yoxdur. Real yanaşsaq, bu komandanın hədəfi orta yerlərdə qərarlaşmaqdır. Maliyyə çatışmazlığı üzündən akademiyasının fəaliyyətini məhdudlaşdıran bölgə klubu olan pulunu əsas komandaya yönəltməyi vacib sayır. Digər tərəfdən, "qırmızı-qaralar"ın təcrübəli gürcü mütəxəssis Kaxaber Tsxadadzenin məşqçi işi və uğurlu seleksiya sayəsində iddialılar üçün "asan yem" statusu daşımayacağını da proqnozlaşdırmaq mümkündür. Premyer Liqanın tələblərinə cavab verməyən oyunçuları ilə vidalaşan "Qəbələ" artıq 3 yeni əcnəbi ilə müqavilə bağlayıb və təmsil etdiyi şəhərdə yeni mövsümə hazırlaşır.
Gələnlər: Prins Ovusu, İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya), Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn).
Gedənlər: Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Elvin Yunuszadə
Müqavilə müddətini artıranlar: yoxdur
"İmişli" nə "deyəcək"?
2025/2026 mövsümünün sonunda yenidən 1-ci Liqaya düşmək istəməyən "İmişli" hələ ev oyunlarını təmsil etdiyi şəhərdə keçirə bilməsə də (komanda rəqiblərini Ağsuda qəbul edəcək), artıq əcnəbi mütəxəssisə tapşırılıb. Portuqaliyalı Jorje Kaşkilyaya həvalə edilən aran təmsilçisi heyətinə bir legioner də qatıb. "Neftçi"dən ayrılan Azər Salahlının transferini də uğurlu adlandırmaq mümkündür. Şübhəsiz, nəyin necə alınacağını indidən dəqiqliklə proqnozlaşdırmaq cəhdi daha çox öncəgörənlik iddiasına bənzəyər, ancaq bu klubun əsas missiyası Premyer Liqada qalmaqdır. Deməli, azı daha 5-6 futbolçu gətirilməlidir.
Gələnlər: Jorje Kaşkilya (baş məşqçi), Ronaldo Rodriges de Souza ("Borneo", İndoneziya), Azər Salahlı ("Neftçi"), İbrahim Əliyev, İmam Əli.
Gedənlər: Fərid Namazov (baş məşqçi), Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilerme Silva, Pablo Henrike, Xəyal Tomarov.
Müqavilə müddətini artıranlar: Vüsal Qəmbərov, Həzrət İsayev, İdris İnqilablı, Andrey Sinenka, Mehdi Tahirov.
"Karvan" geri dönmək istəmir
1-ci Liqada 3-cü yeri tutaraq uzun illərdən sonra Premyer Liqaya yüksələn "Karvan" da aşağı liqaya dönmək istəmir. Hələ Yevlax təmsilçisi yalnız bir futbolçu transfer etdiyini açıqlayıb. Hərçənd klubun daha bir neçə oyunçu ilə razılığa gəldiyi də məlumdur. Onlardan biri də Azərbaycan millisinin sabiq hücumçusu Araz Abdullayevdir. "Şamaxı"dan ayrılan Vüsal Məsimovla "Araz-Naxçıvan"ı tərk edən Vadim Abdullayevin də mövsümə "Karvan"da başlamaq ehtimalı yüksəkdir. Bu başqa məsələ ki, yalnız digərlərinin istəmədiyi adlarla elitada qalmaq işinin öhdəsindən gəlmək yetərincə çətin missiyadır. "Ağ-qaralar" yaxın bir ayda rəqabətədavamlı heyət formalaşdırmalı, başlanğıcdaca fiaskoya uğramamalıdır.
Gələnlər: Eltun Turabov ("Turan Tovuz")
Gedənlər: Emil Qasımov, Ezekiel Morqan, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov.
Müqavilə müddətini artıranlar: yoxdur
Nihat Ağasoy
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.