"Mingəçevir"in bu ilin yanvarında "Qəbələ"dən transfer etdiyi Mehrac Baxşalının növbəti mövsümə harada başlayacağı müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "şəhərlilər"in maaşı yüksək olduğu üçün vidalaşmaq istədiyi vingerin ("Mingəçevir"də əsasən cinah müdafiəçisi mövqeyində oynayıb) xidmətində digər 1-ci Liqa təmsilçisi "Ordu" maraqlıdır.
Bu mövsüm qarşısına çempionluq hədəfi qoyulan "hərbçilər" daha öncə Məzahir Məmmədzadəni, Gülağa Əsədovu, Hüseyn Əliyevi və İzzət Müştaqovu da sıralarına cəlb ediblər.
Qeyd edək ki, Baxşalının "Mingəçevir"lə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulub. "Qəbələ" ilə Mehrac arasındakı razılaşmaya görə, o, "işıqçılar"dan ayrılacağı təqdirdə, "qırmızı-qaralar"ın futbolçusu olacaq.
Mirağa