Dünən UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniya "Sele"sinə öz meydanında 2:3 hesabı ilə uduzan "Sabah"ın mərhələ adlamaq ehtimalı azaldı. Tanınmış futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb "bayquşlar"ın birinci görüşdəki çıxışını və təmsilçimizin bu komandanı mübarizədən kənarlaşdırmaq şanslarını dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Belə oyun olacağını gözləyirdim. Matçdan öncə də "Sele"nin favorit sayıldığını qeyd etmişdim. Sloveniya təmsilçisi güclü komandadır, amma keçilməz deyil. "Sabah" da oyuna çox yaxşı başladı. Amma yaradılan qol epizodlarından faydalana bilmədi. İkinci yarıda da "Sabah"ın rəqib qapısına yol tapmaq imkanları az deyildi. Təəssüf ki, komandamız fasilədən sonra qol vurmaq işinin öhdəsindən gəlmədi. Heyətində təcrübəli futbolçular olan rəqib isə boşluqlardan istifadə edərək nəticəni xeyrinə dəyişməyi bacardı. Təcrübə öz sözünü dedi.
Hələ mübarizənin birinci hissəsi geridə qalıb və qonaqların 3:2 hesablı qələbəsi qeydə alınıb. Əslində, oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı. Təcrübəsizlikdən uzatma dəqiqələrində üçüncü qolu buraxdıq. Məncə, "Sabah"ın Sloveniyadakı matçda da qol imkanları yaxalayacaq. Komandamızın bu fürsətlərdən nə dərəcədə istifadə edə biləcəyini isə zaman göstərəcək. Hələ heç nə itirilməyib. Şanlar hələ də 50-nin 50-yədir. Birinci oyunun sonlarında yaşananları unudub ikinci matça köklənmək lazımdır".
Nihat