Azərbaycan millisinin sabiq müdafiəçisi Elvin Yunuszadənin yeni klubu müəyyənləşmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan təcrübəli futbolçu "Karvan"la müqavilə bağlamağa yaxındır.
Məşqlərini Mingəçevirdə davam etdirən Yevlax təmsilçisinin düşərgəsinə qoşulan Elvin dünən ikitərəfli oyunda da iştirak edib. Elvinin yeni klubu ilə 1 illik müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, 32 yaşlı Elvin "Neftçi"nin yetirməsidir. O, daha öncə Azərbaycanda "Qarabağ", "Sabah", "Səbail", "Şamaxı", "Kəpəz" və "İrəvan"ın da formasını geyinib. Sözügedən arxa xətt oyunçusu "Şkupi" (Şimali Makedoniya) və "Çelik"də (Bosniya və Herseqovina) legioner həyatı yaşamağa da imkan tapıb.
Nihat