15:14 22.08.2025 3620

"Ferentsvaroş" Macarıstanda "döyülsə" də ... - Tarixi birlikdə təkrarlayaq

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"u inamla üstələyən "Qarabağ" Macarıstandan 3:1 hesablı qələbə ilə qayıtdı. Əlbəttə, bu nəticəni Azərbaycan çempionunun qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə qatılmaq yolunda atdığı böyük addım saya bilərik, amma qarşıda hələ cavab oyunu varsa, işi bitmiş saymaq olmaz. Bəlli, "Ferentsvaroş"un itirəcəyi bir şey qalmayıb və rəqib avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ikinci dueldə vəziyyəti xeyrinə dəyişmək üçün bütün gücünü səfərbər edəcək. Yekunda hansı nəticənin qeydə alınacağını təbii ki, zaman göstərəcək. İndilik təmsilçimizin yetərincə artan şansını dəyərləndirə, ən yaxşısına ümid edə bilərik.  

O vaxt bu qədər şanslı deyildi

10 ildən artıqdır ki, davamlı olaraq Avropa səhnəsində adından söz etdirən "Qarabağ" artıq ÇL-in də qrupunda oynayıb. 2017-ci ilin yayında öz meydanında "Kopenhagen"i 1:0 hesabı ilə yenən Ağdam təmsilçisi ikinci görüş ərəfəsində indiki qədər şanslı deyildi. Düzdür, Mahir Emreli Dino Ndlovunun dirəkdən qayıdan zərbəsini qola çevirərək tribunaları coşdurmuşdu, lakin minimal hesablı üstünlük böyük ümidlərə əsas vermirdi. Hərçənd avqustun 24-də Danimarkada reallaşan görüşdə 1:2 hesabı ilə uduzan "köhlən atlar" səfər qolu sayəsində tarixi ilkə imza atmağı bacarmışdılar.

Hazırda isə "Qarabağ"ın ötən mövsümdən fərqli formatda keçirilən ÇL-in Liqa mərhələsinə yüksəlmək ehtimalı daha böyükdür. Təmsilçimiz birinci oyunu səfərdə keçirib, üstəlik, rəqibindən 1 yox, 2 top fərqi ilə öndədir. Qalır "doğma divarlar arası"nda yarısından çoxu görülmüş işi bitirmək.

Budapeştdəki qarşılaşma çox şeydən xəbər verdi

"Qarabağ"ın 3 il öncə eyni məkanda eyni hesabla məğlubiyyətə uğratdığı "yaşıl qartallar"la budəfəki oyununda iki fərqli hissə izlədik. Oyuna yüksək templə başlayan meydan sahibləri ilk 10-15 dəqiqədən sonra üstünlüyü ələ keçirdilər və 29-cu dəqiqədə topu tora qovuşdurmağı bacardılar. Mateuş Koxalskinin möhtəşəm seyvi olmasaydı, "Ferentsvaroş" fasiləyə qədər hesab arasındakı fərqi artıra da bilərdi. Şübhəsiz, qonaqlar da birinci hissədə bir neçə maraqlı həmlə ilə diqqət çəkə bilmişdilər, lakin ya həlledici ötürmələr arzuladığımız kimi alınmırdı, ya da son nöqtəni qoymaq işinin öhdəsindən gəlmək mümkün olmurdu. İkinci yarıda isə vəziyyət 180 dərəcədə dəyişdi. Rəqibin baş məşqçisi Robbi Kinin matçın ardından təşkil edilən mətbuat konfransında dayaq yarımmüdafiəçisi Bentse Ötvöşün zədələnərək meydandan çıxmasını yenilginin əsas səbəblərindən biri qismində qabartması bəhanə deyildi. 27 yaşlı macarıstanlı futbolçu meydanı tərk etdiyi ana qədər özünü ən yaxşı tərəfdən göstərir, "köhlən atlar"ın meydanın mərkəzində ağalıq etməsinə inanılmaz dərəcədə mane olurdu. Fəqət futbol komanda oyunu olduğu üçün bir fiqur üzərində daha çox dayanmağa dəyməz. 

Fasilədən sonra təmsilçimizin tribunaları susdura bilməsinin birinci səbəbi Qurban Qurbanovun və köməkçilərinin ilk yarıdan lazımi nəticəni çıxarmaları və futbolçuları vaxtında məlumatlandırmaları idi. 17 dəqiqəlik intervalla vurulan 3 qol həm də beynəlxalq matçlarda püxtələşmiş oyunçuların fərdi ustalıq səviyyəsi ilə izah edilməlidir. Bəxt amilinə gəlincə, Budapeştdə bəxt güclünün tərəfində oldu. Maraqlı məqamlardan biri də Azərbaycan təmsilçisinin standart vəziyyətlərdən sonra iki dəfə fərqlənməsidir. Bu o deməkdir ki, "Qarabağ" standart vəziyyətlərdən istifadə edə bilmir" mifi də dağılmaq üzrədir. Hə, Qurbanovun oyuna müdaxilələri də olduqca uğurlu alındı. İstər Emmanuel Addaini oyunu alınmayan Leandro Andradenin əvəzinə meydana buraxaraq sol cinah vingeri Abdullah Zubirin yerini dəyişməsi, istərsə də Nəriman Axundzadəni Musa Qurbanlı ilə əvəzləməsi yetərincə effektli gedişlər kimi yadda qaldı. Addai ön xətdə hərəkətliliyi artırdısa, Musa Kadinin ara ötürməsindən braziliyalılara xas ustalıqla faydalandı və bəlkə də cütün taleyini həll edəcək qola imza atdı. Razılaşaq ki, rəqib də bu nəticədən sonra təmsilçimizin nəyə qadir olduğunun fərqindədir və birinci görüşdəki hesab istər-istəməz onları daha çox həyəcanlandırır.

Azarkeşlər üçün həqiqət anı

"Qarabağ"ın məşqçilər korpusunun mövcud vəziyyəti hamıdan yaxşı anladıqları bəlli həqiqətdir. Ağdam komandasının oyun planında nəyi necə etməli olduğunu ölkə futbolunun ağırlığını çiyinlərində daşıyan Qurbanov hamıdan yaxşı bilir. Bugündən satışa çıxarılan biletlərin qısa müddətdə alınacağı da şübhə doğurmur. Oyun günü stadiona təşrif buyuracaq azarkeşlər isə öz missiyalarını maksimum şəkildə yerinə yetirməyi qarşılarına məqsəd qoymalı, əsl tərəfdara bənzəməyə çalışmalıdırlar.

Bu mövsüm ÇL-in təsnifat mərhələlərində keçirdiyi 5 oyunun hamısında qələbə qazanan, Azərbaycan futbolunun nüfuzunu qaldıran komanda ən möhtəşəm dəstəyə layiqdir. 

Mütəxəssislər nə deyirlər?

Bir neçə mütəxəssislə əlaqə saxlayaraq Macarıstandakı qarşılaşma barədə fikirlərini öyrənməyi və cavab oyunundan nə gözlədiklərini soruşmağı da vacib saydıq. Onların dedikləri ilə tanış olun.

Azərbaycan millisinin və "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimov: "Qarabağ"ın Çempionlar liqasının Liqa mərhələsinə qatılmaq şansından danışırıqsa, 3:1 hesablı qələbədən sonra bu ehtimal yetərincə yüksəkdir. Hətta birinci dəfə ÇL-in qrupuna düşdüyümüz zaman ilk matçdan sonra ("Qarabağ" Bakıdakı matçda "Kopenhagen"i Mahir Emrelinin vurduğu tək qolla ilə yenmiş, Danimarkadakı 1:2 hesablı məğlubiyyətə rəğmən, səfər qolu sayəsində qrupa düşmüşdü - red.) komandamızın şansı bu qədər yüksək deyildi. 

"Ferentsvaroş"la səfər matçında iki fərqli hissə izlədik. Meydan sahibləri oyuna yüksək templə başladılar. Fasiləyə qədər rəqib intensiv pressinq tətbiq edir, təmsilçimizin istədiyi hücumları qurmasına mane olurdu. Nəticədə qol vurmağı da bacardılar. İkinci hissədə isə bir qədər yoruldular. Belə pressinq edirsənsə, oyunun ortalarında fiziki yorğunluq normal haldır. Fasilədən sonra rəqib futbolçular hücumlardan sonra geri qayıtmaq işinin öhdəsindən arzuladıqları səviyyədə gələ bilmirdilər. Öz növbəmizdə biz də bundan yaxşı istifadə etdik. Sürətli keçidlərimiz oldu... Bildiyiniz kimi, Marko Yakoviç hesabı bərabərləşdirdi. İkinci qolu standart vəziyyətdən, üçüncünü sürətli keçiddən sonra vurduq. İndi "Ferentvaroş"un "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq şansı çox azdır. Rəqibin uzun yol qət edəcəyini, isti hava şəraitində özlərini o qədər də yaxşı hiss etməyəcəklərini də unutmayaq. Əlbəttə, onlar üçün ağır olacaq, amma hər şeyin həll edildiyini də deyə bilmərik. Düzdür, böyük bir addım atmışıq, lakin ehtiyatlı davranmalıyıq. "Qarabağ"ın futbolçularının arxayınlaşacaqlarını düşünmürəm. Öncədən demişdim ki, "Qarabağ"ın bu heyətinin ÇL-in Liqa mərhələsinə düşə biləcək potensialı var". 

"Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov: "Qarabağ" bu oyuna çox yüksək səviyyədə hazırlaşmışdı. Təmsilçimizin məşqçilər korpusu rəqibi düzgün analiz etmiş, oyunçulara lazım olan tapşırıları vermişdi. "Ferentvaroş" taktiki baxımdan çox güclü, oyunçuların fərdi keyfiyyəti sarıdan Azərbaycan çempionundan geri qalmayan komandadır. "Qarabağ" öz tərzinə sadiq qalmaqla yanaşı, "Ferentsvaroş"un oyun planını həyata keçirməsinə imkan vermədi. Düzdür, onlar ilk dəqiqələrdən üçüncü zonada pressinq tətbiq etməyə başladılar, amma "Qarabağ" təzyiq altında da birinci zonadan hücumlar qurur, Budapeştə qələbə dalınca gəldiyini, rəqibindən çəkinmədiyini isbatlayırdı. Komandamız bəzən qısa, bəzən də çox risk etmədən uzun ötürmələrlə həmlələr təşkil edirdi. Matçı izləyərkən qonaqların bunun üzərində yaxşı işlədikləri sezilirdi. 

Birinci yarıda fərdi səhv üzündən qapımızda qol gördük və rəqib fasiləyə üstün yollandı. İkinci yarıda isə "Qarabağ"ın futbolçuları oyunun mahiyyətini anlayaraq daha çox güc sərf etdilər. Həm oyuna nəzarət, həm pressinq, həm də müdafiə planında yüksək performans sərgilədilər. Komandamız təbii ki, hücumda da olduqca effektli göründü 3 qol vurdu və layiqli qələbə qazandı. Baş məşqçi Qurban Qurbanovun oyuna müdaxiləsini də mütləq vurğulamalıyam. Musa Qurbanlı Nəriman Axundzadənin əvəzinə meydana çıxandan iki dəqiqə sonra yaxaladığı ilk fürsəti qola çevirdi. Keyfiyyətli hücumçu belə oynamalıdır. Bu səviyyədə matçlarda ələ düşən imkanı dərhal dəyərləndirmək önəmli məsələdir. 

Əlbəttə, hələ mübarizə bitməyib. "Ferentvaroş" elə bir komandadır ki, ona qeyri-ciddi yanaşsan, sənə öz meydanında da qalib gələ bilər. Qeyd etdiyim kimi, onların hücum və yarımmüdafiə xəttində yer alan oyunçuların fərdi keyfiyyətləri təhlükə mənbəyidir. Eyni zamanda keçidlərdə də sürətli, standart vəziyyətlərdən ustalıqla istifadə edən kollektivdir. Evdəki oyuna daha ciddi hazırlaşıb uğurun ardını gətirmək lazımdır. Təbii ki, Qurban müəllimin rəqibi yaxından tanımaq imkanı oldu və ikinci matç ərəfəsində futbolçuları arxayınlaşmasına imkan verməyəcəyinə əminəm. "Qarabağ"a uğurlar arzulayıram".

"Araz-Naxçıvan"ın və "Kəpəz"in sabiq baş məşqçisi Azər Bağırov: "Qarabağ" oyuna çox yaxşı hazırlaşmışdı. Eyni zamanda rəqibin güclü tərəfləri barədə məlumatlıydılar. Bu səbəbdən təmsilçimiz ilk hissədə birinci, ikinci və üçüncü zonada çox sığortalı oynayırdı. Bir texniki səhv meydan sahiblərinin qol vurmasına səbəb oldu. İkinci yarıda isə "Qarabağ" ikinci və üçüncü zonada pressinq tətbiq etməyə çalışdı. "Ferentsvaroş" daha çox uzun ötürmələrlə oynadığı üçün təmsilçimizin üçüncü zonada top almaq planı o qədər də yaxşı alınmırdı, buna baxmayaraq, komandamız ikinci topları götürüb inamlı əks-hücumlar qurmağı bacardı. Düzdür, qolların hamısı əks-həmlələr zamanı vurulmadı, amma fasilədən sonra üç qola imza atan qonaqlar evə inamlı qələbə ilə qayıtmağı bacardılar. Mənə elə gəlir ki, təmsilçimiz evdə də eyni qaydada oynamalıdır. "Qarabağ" birinci hissədə bir qol vursa, "Ferentsvaroş" "sınacaq".  

 Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X