
UEFA Çempionlar Liasının əsas mərhələsinin 5-ci turu çərçivəsində sabah "Qarabağ"ı qəbul edəcək "Napoli"nin baş məşqçisi Antonio Konte oyundan öncə baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Qarabağ"la oyun "Napoli" üçün önəmli və həlledicidir. "Atalanta" üzərində qələbə bizə yaxşı mesajlar verdi. "Qarabağ"a qarşı diqqətli olmalıyıq. Oyunun 95 dəqiqə davam etdiyini nəzərə alaraq qiymətləndirmələr aparacağam. Biz düzgün enerji ilə gəlirik. "Atalanta"ya qarşı da asan deyildi, amma əla çıxışla yadda qaldıq. İndi enerjimizi bərpa edib oyuna hazırlaşırıq. "Qarabağ" Çempionlar Liqasının sürpriz komandasıdır. Rəqibin 7 xalı var. Onlar "Çelsi" ilə heç-heçə (2:2) ediblərsə, "Benfika" (3:2) və "Kopenhagen"i (2:0) məğlubiyyətə uğradıblar. Fikrimcə, "Qarabağ" yüksək tempdə oynayacaq. Biz çox diqqətlə və yüksək enerji ilə mübarizə aparmalıyıq".
Qeyd edək ki, "Napoli" - "Qarabağ" matçı noyabrın 25-də "Dieqo Armando Maradona" stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti saat 00:00-da səsləndiriləcək.