
2-ci Liqanın 10-cu turunda səfərdə "Şirvan"ı 5:0 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" çempionluq yolunda daha bir addım atdı. Qonaqların baş məşqçisi Qəzənfər Abbasovla əlaqə saxlayıb darmadağını şərh etməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şirvan" liqanın yaxşı komandalarından biridir. Həm heyətlərində bacarıqlı uşaqlar var, həm də sürətli oynayırdılar. Rəqib oyuna çox yaxşı başladı. Topa nəzarət etməyə, hücumlar qurmağa çalışırdılar. Hardasa 10-15 dəqiqədən sonra komandamız özünə gəldi. Meydanın vəziyyəti çox pis idi. Sanki daş üzərində oynayırdıq. Meydanın vəziyyəti yaxşı olsaydı, daha maraqlı mübarizə gedərdi. Bu məqam hər iki tərəfə çətinlik yaratdı. Bizim oyunçularımız da belə desəm, ilk 15 dəqiqədən sonra meydana uyğunlaşdılar. Əsas məqsədimiz ilk hissədə qol vurmaq idi. Birinci yarıda iki qol vurandan sonra daha məzmunlu, daha rahat oynadıq. İkinci hissədə rəqib vəziyyətdən çıxmaq üçün irəli atıldı. Biz də öz növbəmizdə əks-hücumlardan istifadə edərək qollarımızı vura bildik. Hesaba baxmayaraq, "Şirvan"ın oyununu bəyəndim. 2-ci Liqada belə komandaların olması sevindirici haldır. Futbolçularımızı və rəhbərliyi təbrik edirəm. Belə də davam etmək istəyirik".
Nihat