
Misli Premyer Liqasının 13-cü turu çərçivəsində bu gün Yevlaxda "Zirə"yə 0:2 hesabı ilə uduzan "Kəpəz"in baş məşqçisi Azər Bağırov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Çox maraqlı oyun oldu. Meydanda yaxşı mübarizə getdi. Birinci hissədə bizim heyətdə yeddi yerli futbolçu var idi. Əlbəttə, yeddi yerlinin oynaması bizim üçün müsbət haldır. İkinci yarıda kiçik səhvlər etdik. Belə səhvlər buraxmaq olmaz. Əfsuslar olsun ki, iki qol buraxdıq, məğlub olduq. Oyun sərt mübarizə şəraitində keçdi. Fikrimcə, bu da müsbət məqamdır. Belədə, futbolçularımız da inkişaf edər".
Bağırov meydanın durumu ilə bağlı suala da cavab verib: "Yeni meydandır, zamanla oturuşacaq. Heç kim süni örtüklü meydanı bəyənmir, amma Avropada da belə meydanlar var. Gəncədə təbii örtük üzərində məşq edirik. Mövsümün sonlarına yaxın öz meydanımıza qayıtsaq, heç bir problem olmayacaq".