
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Malayziya üzərində qazandıqları 2:0 hesablı qələbə barədə fikirlərini AFFA-nın mətbuat xidmətinə bölüşüb.
Fanat.Az xəbər verir, o, Banqladeşin paytaxtı Dəkkədə təşkil olunan "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində baş tutan matç haqda belə danışıb:
"Malayziya millisi Banqladeş yığması üzərində qələbə qazanmışdı. Bizi də məğlub etsəydilər, turnirin qalibi olacaqdılar. Bu səbəbdən matça yüksək motivasiyada hazırlaşmışdılar. Rəqibin əvvəlki bir neçə görüşünü də təhlil etmişdik. Onların müsbət və mənfi cəhətlərini bilirdik, oyun planları da eyni idi. İki fərqli hissə keçdi. İlk yarıda baxımlı qollar vurduq. Hər iki qolun üzərində məşqlər zamanı işləmişik. Fasiləyə qədər daha bir dəfə fərqlənə bilərdik. İkinci hissədə də yüzfaizli qol imkanlarımız oldu. Gənc futbolçulara özlərini göstərmək şansı yaratdıq. Düşünürəm ki, əsas çatışmazlığımız qol epizodlarından yararlana bilməməyimiz idi. Bu məqam seçmə mərhələ oyunlarında bizə çətinlik yarada bilər. Banqladeş yığması ilə qarşılaşmaya daha yaxşı hazırlaşmağa çalışacağıq".
Qeyd edək ki, Azərbaycan millisi turnirdə son oyununu dekabrın 2-də Banqladeş yığmasına qarşı keçirəcək.