
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununda qələbə qazanıb.
Fanat.Az xəbər verir ki, "Gloria Sports Arena"da Özbəkistanın "Neftçi" (Fərqanə) komandası ilə qarşılaşan "köhlən atlar" 5:0 hesablı qalibiyyət əldə ediblər.
Komandamızın baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini jurnalistlərlə bölüşüb:
"İlk oyunumuz idi. Hazırlığımız pis getmir. Futbolçularımız istəklidirlər. Sanki özlərinə gəliblər. Həddindən artıq yorğun idilər. Kaşuk ilə Toral bir neçə gün hazırlıqdan uzaq qaldılar. Buna baxmayaraq hər şey qaydasındadır".
- Rəqib gözləntilərinizi nə dərəcədə doğrultdu?
- Onların oyunlarını izləmişdik. Bir az dəyişiklər olduğunun fərqinə vardıq. Əvvəl başqa sistemlə oynayırdılar. Ümumən rəqibin performansını normal qiymətləndirirəm"
- Bizim "Neftçi" ilə bu "Neftçi" arasında hansı fərqlər var?
- Bizim "Neftçi" öz "Neftçi"mizdir. Baxmayaraq ki, bu klub Özbəkistanı təmsil edir, onlar da qardaşımızdır. Onlara da uğurlar arzulayıram. Təbii ki, öz "Neftçi"mizlə oyunlar daha maraqlı olur.
- Türkdilli dövlətlərdən hər hansı bir futbolçunun bizim ölkədə legioner sayılmaması tətbiq oluna bilər?
- Ola bilər. Bir neçə ildir ki, bu mövzu danışılır. Olsa heç də pis olmaz. Əgər olarsa bu ölkələr arasındakı bağlar daha da güclənər.
- Heyətə yeni oyunçu qatılacaq?
- Ola bilər. İnanın ki, mənim də qarşıma qoyulan əsas məsələlərdən biri transfer məsələsidir. Danışıqlar gedir. Hardasa uğurlu sayıla biləcək danışıqlar da var.
- Sizcə Qara Qarayev u-21 millimizə faydalı ola biləcəkmi?
- Faydalı olacağını düşünürəm. Bir neçə il futbolçu karyerasını davam etdirə bilərdi. Ancaq məşqçiliyə tez başlaması onun üçün müsbət amildir.
Kamil Xudiyev