
İngiltərə Premyer Liqasının 26-cı turunda öz meydanında "Nyukasl"a 1:2 hesabı ilə məğlub olan "Tottenhem"in baş məşqçisi Tomas Frank yenilgini şərh edib.
Fanat.Az xəbər verir ki, onun sözlərini London təmsilçisinin rəsmi saytı belə çatdırıb:
"Azarkeşlərin məyus olmasını anlayıram. Biz istəmədiyimiz vəziyyətlə üzləşdik. Durumu dəyişmək üçün gecə və gündüz səylə çalışırıq. Həqiqət budur ki, bu vəziyyət artıq iki ildir davam edir. Həm avrokuboklarda, həm də Premyer Liqada uğurlu oyunla diqqət çəkmək işinin öhdəsindən lazımınca gələ bilmirik. Həm mən buna öyrəşməliyəm, həm komanda, həm də klub. Fiziki durumumuzu yaxşılaşdırmalı, psixoloji planda daha hazırlıqlı olmalıyıq.
10 və ya 11 nəfərin zədələnməsini, üstəgəl, diskvalifikasiyanı da unutmayaq. Bu gün daha bir itki ilə üzləşdik...
"Nyukasl" ilk yarıda daha yaxşı oynadı. Biz isə matçdan qopmadıq. Ancaq daha sonra hücuma keçdik, qeyri-dəqiq ötürmə etdik və pis müdafiə olunduq. Bu mövsüm oxşar səhvlərimiz çoxdur. Yekunda 1:2 hesabı ilə uduzduq".
Qeyd edək ki, "Nyukasl" Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq.
Nihat