
Bu gün UEFA Avropa Liqasında yeni tsikl start götürüb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı qitənin ikinci klub turnirində təmsil edən "Qarabağ" İslandiyanın "Vestri" komandasını qəbul edib. Matç komandamızın böyükhesablı qələbəsi ilə yekunlaşıb (3:0).
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
"Azarkeşlərə xüsusi təşəkkür etmək istəyirəm, stadionu tamamilə doldurmuşdular və möhtəşəm bir əhval-ruhiyyə var idi. İlk oyundan başa düşdük ki, çox məsuliyyətli olmalıyıq, çünki azarkeşlərin bizdən gözləntisi olduqca böyükdür. Futbolçularımı da ürəkdən təbrik edirəm, bu qalibiyyət bizim üçün çox vacib idi. Oyunun gedişatında yeni oyunçularımızı da sınamaq imkanımız oldu. Şükürlər olsun ki, meydandan qalibiyyətlə ayrıldıq. Rəqib həqiqətən yaxşı müdafiə olunurdu. Cavab oyununda da çox məsuliyyətli olmalıyıq. İnanıram ki, oyunun gərgin keçməsi növbəti mərhələlərdə bizim xeyrimizə olacaq."
- Montielin kənarda qalması zədə ilə bağlı idi?
"Yox, zədəyə görə deyildi. Futbolçuların hamısını eyni anda iştirak ərizəsinə sala bilmirik. Gələn tur digər oyunçularımıza da şans verəcəyik. "
- Hazırda hansı mövqelər üzrə transfer çalışmaları gedir?
"Qapıçı mövqeyindən başqa, demək olar ki, hər mövqeyə oyunçu axtarırıq."
- Yassin Benzia və Julio Romaonun geri qayıdışı planlarınızda var?
" Xeyr, hələ ki belə bir planımız yoxdur. "
- Elvin Cəfərquliyevin komandaya qayıtması onun başqa klublara transferinin baş tutmaması ilə bağlıdır, yoxsa onu tamamilə bağışlamısınız?
"Əgər onun transferi rəsmən alınsaydı, bu gün heyətdə olmazdı. O artıq komandamıza qayıdıb. Müəyyən görüşlərimiz, söhbətlərimiz oldu və yenidən geri döndü."
- Zakaria Savonun bugünkü performansını bəyəndinizmi?
"Onun özünəməxsus keyfiyyətləri var. Ümumilikdə bugünkü performansından razı qaldım."
- Mateus Silvaya da rəsmi təkliflər olduğu yazılır, bu barədə nə deyə bilərsiniz?
"Bəli, onunla da maraqlanan klublar var idi, amma hələ ki komandamızdadır və bizimdir. "
- Əli Bəşirova rəsmi təklif gələrsə, getməyinə icazə verəcəksiniz, yoxsa klubda qalmasını istəyirsiniz?
"Əgər onun karyerası üçün faydalı, yaxşı bir təklif olarsa, qarşısını kəsməyəcəyik, mane olmayacağıq. Hər bir halda biz onun yaxşılığı üçün çalışacağıq."
Kamil Xudiyev