
1-ci Liqa təmsilçisi "Mingəçevir"in rəhbərliyi yeni mövsümdə yüksək hədəflər uğrunda mübarizə aparmağı hədəfləsə də, hələ sözügedən camiənin bütün planları kağız üzərindədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "işıqçılar"ın rəhbərliyi baş məşqçi postunu kimə tapşıracağını da dəqiqləşdirməyib.
Ötən mövsüm 1-ci Liqada "Şəfa"nı çempionluğa daşıyan Elgiz Kərəmli ilə şərtlərlə bağlı razılığa gələ bilməyən klub bossları Röyal Nəcəfov və Aqil Nəbiyevin timsalında digər mütəxəssisləri də nəzərdən keçirir. Hərçənd reallıq budur ki, "Mingəçevir" bu saatadək bir futbolçu ilə də anlaşmayıb. Heyətdə isə hazırda cəmi bir oyunçu qalıb - Taleh Fərmanov. "Xankəndi"dən real təklif alan Fərmanovun aqibətinin necə olacağı isə indilik qeyri-müəyyəndir. Onun müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi gözlənilir.
Xatırladaq ki, ötən mövsüm ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqadakı mübarizəni 2-ci yerdə başa vuran "Mingəçevir" elitaya vəsiqə uğrunda pley-off matçında "Qəbələ"yə 0:2 hesabı ilə uduzub. Bu yay "işıqçılar"la vidalaşan Məmmədov artıq "Karvan-Yevlax"ın "sükanı arxası"na keçib.
Nihat