
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Sofiya ÇSKA-sı ilə üz-üzə gələcək "Qarabağ" Bolqarıstan təmsilçisi ilə ilk oyununu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "köhlən atlar"ın ÇSKA ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
Öncə onu qeyd edim ki, bu yay avrokuboklardakı oyunlar klublarımız üçün çox uğurlu alınıb. Yəni bu günə kimi həm qələbə sayına, həm vurulan və buraxılan topların fərqinə baxsaq, klublarımız üçün builki qitəmiqyaslı matçlar çox uğurlu alınıb. Ümid edirəm ki, təmsilçilərimiz bu il avrokuboklarda daha uğurlu olacaqlar.
"Qarabağ" - ÇSKA matçına gəlincə, "köhlən atlar" son illərdə etmədiyi trasnferləri etdi. Bir çox aparıcı oyunçular komandadan ayrıldı, yeni oyunçular gəldi. Onların adaptasiya prosesini necə keçəcəklərini isə zaman göstərəcək. Rəqib də zəif deyil. Böyük bir tarixi, azarkeş ordusu var. Əlbəttə ki, favorit "Qarabağ"dır. Baxmayaraq ki, heyət yenilənib, təcrübə baxımından Ağdam təmsilçisi bir neçə addım öndədir. Lakin bu, futboldur. Məncə, çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək".
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Nihat