
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, mərhələ məhz Azərbaycanın gümüş mükafatçısının oyunu ilə start götürüb. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Bolqarıstanın ÇSKA (Sofiya) kollektivi ilə qolsuz heç-heçəyə razı olub.
Matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablanırıb:
"Gərgin oyun idi. Yaxşı bir komandaya qarşı oynadıq, birə-bir mübarizələri yaxşı idi. Hər iki komanda üçün tanışlıq oyunu oldu. Hər bir halda, bizim üçün xoş idi."
- Sizcə, hava şəraiti oyuna təsir göstərdimi?
"Belə şərtləri hər iki komanda üçün eyni sayıram. Azarkeşlər üçün yaxşı, futbolçular üçün isə yorucu hava idi. Gərgin oyunlarda bu hallar daha çox diqqət çəkir. Yaxşı kollektivə qarşı oynayanda belə hava daha yorucu olur."
- Elvin çox yaxşı oynadı, bu, start heyətlə bağlı mesaj verirmi?
"Onuz da əsas heyət oynamaq üçün hazırlanır. Mən hələ özüm də tam əsas heyəti formalaşdırmamışam. Qarşıdakı günlərdə bilinəcək, Elvin belə davam etsə və yaxşı oynasa, niyə də olmasın?"
- İkinci dəfə Bolqarıstana səfər edəcəksiniz ("Ludoqorets"). Bu "Qarabağ" həmin "Qarabağ"dır, yoxsa körpünün altından çox sular axıb?
"Ümumiyyətlə, rəqiblər həmişə fərqli olur, istər oyun, istərsə də futbolçular baxımından həmişə dəyişikliklər baş verir. Biz həmişə düşündüyümüz "Qarabağ"dan daha yaxşı olmalıyıq. Rəqiblərimiz bizə fərqli gözlə baxırlar, biz də oyunlara daha ciddi yanaşırıq. Biz ancaq daha yaxşı olmalıyıq. Bunu edəcəyik, ya yox – o ikinci planda qalır, amma olduğumuz yerdən hər zaman daha irəli getməliyik."
- Rəqib sxemdə dəyişiklik edərək 3 hücumçudan 4 hücumçuya keçdi, bu sizdə təəccüb yaratdımı?
"Bu ehtimalı gözləyirdim, amma əvvəlki sistemə daha çox hazırlanmışdıq, nəinki bugünkü sistemə. Səhvlər olsa da, oyunçularımız sona kimi oyundan qorxmadılar."
- Rəqib komandanın jurnalistləri üçün bu hesab sevindirici oldu, sizin üçün necə? Zədəli oyunçuları gələn oyuna kimi bərpa etmək mümkün olacaq?
"Səfərdə oynayırlar, səfər nəticəsinə görə onlar üçün yaxşıdır. Komandanın son gedişatına uyğun olaraq bu sevinc normaldır. Bəli, biz ora qələbə üçün gedəcəyik. Aşağı-yuxarı hər iki komandanın bacarığı eynidir, köklü klublardır. Biz udsaq da, uduzsaq da, bu kimi şeyler sürpriz olmaz. Cavab oyununa 100 faiz daha hazır vəziyyətdə çıxmalıyıq. Fərqli sistemlərə uyğunlaşa bilən, öz üzərində daima işləyən komandadırlar. Məncə, maraqlı oyun olacaq. Hər iki komandaya uğurlar arzulayıram, hər iki tərəfin azarkeşləri oyundan həzz alsınlar."
- Sefas oyuna sonradan daxil oldu, hazır vəziyyətdədirmi və sonraki oyunlarda 90 dəqiqə oynaya bilərmi?
"Düzdür, hələ tam hazır deyil. Qarşıda yenə 5-6 günümüz var tam hazırlanmağa. Dəqiq bir şey deyə bilməyəcəyəm, oyunu analiz etdikdən sonra məlum olacaq. Ancaq hələ öz performansından uzaqdır."
- Rəqibdən asılı olmayaraq, "Qarabağ" çox qol epizoduna girir, ancaq bunu bu gün çox görə bilmədik. Bu, komandadakı dəyişikliklərlə, yeni transferlərlə bağlıdır?
"Səbəb çoxdur. Həm ümumi kollektiv hazırlıq, həm də rəqibin çox güclü olması təsir etdi. Çox bacarıqlı kollektivdirlər, müdafiə olunmaqdan həzz alırdılar. Dəfələrlə bildirmişəm ki, bəzi nüanslar var ki, onları özümüzdə axtarmalı və yaxşılaşdırmalıyıq."
- Lanqanın zədəsi ciddidir?
"Ciddi olduğunu düşünmürəm, ancaq yenə də sabah dəqiq bilinəcək."
Əlisahib İbrahimli