
UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "KuPS"u Masazırda 1:0 hesabı ilə üstələyən "Sabah" bu rəqibi ilə ikinci görüşə hazırlaşır. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "bayquşlar"ın Finlandiya təmsilçisi ilə mübarizəsindən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" əslində, oyunun talehini Bakıda həll etməli idi. Təmsilçimiz çox sayda qol vəziyyəti yaratsa da, bunların əksəriyyətindən istifadə edə bilmədi və minimal hesablı qələbə qazandı. Azərbaycan komandasının heyətində hazırda elə oyunçular var ki, sürətli keçidlərdən, standart vəziyyətdən sonra qol vəziyyəti yaratmağı, rəqib qapısına yol tapmağı bacarırlar. İnanıram ki, "Sabah" Finlandiyada da qol epizodları yaradacaq və bunlardan istifadə edəcək. Mənə elə gəlir ki, "Sabah" səfərdə də qələbə qazanıb mərhələni keçəcək.
Təbii ki, "KuPS" öz azarkeşləri önündə oynayacaq. Çalışacaqlar ki, Bakıdakından fərqli olaraq, tez-tez hücuma çıxsınlar. Belə olan halda, boşluqlar yaranacaq. Bu vəziyyətlərdən "Sabah" istifadə edəcək və qalib gəlib növbəti mərhələyə yüksələcək".
Qeyd edək ki, "KuPS" - "Sabah" görüşü sabah baş tutacaq. Matçın start fiti Bakı vaxtı ilə saat 19:00-da səsləndiriləcək.
Əlisahib İbrahimli