
1-ci Liqa təmsilçisi "Mingəçevir"in taleyinə bu gün aydınlıq gələcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, mövsümü 225 min manat borcla bitirən klubu himayəsinə götürmək istəyən şəxslər FİF (Futbolun İnkişaf Fondu) rəhbərliyi ilə görüşəcəklər.
Danışıqlar müsbət sonluqla yekunlaşsa, FİF, klub və yeni sponsor arasında üçtərəfli əməkdaşlıq müqaviləsi imzalanacaq. "İşıqçılar"a müəyyən maliyyə ayırmaq, eləcə də ötənmövsümkü borcu hissə-hissə bağlamaq öhdəliyini üzərinə götürmək istəyənlərin kimliyinə gəlincə, onlar bu yay daha öncə "Cəbrayıl"a himayədarlıq etməyi hədəfləyən iş adamlarıdır. Qararabağ təmsilçisi sonradan "Kəpəz"in İdarə Heyətinin sabiq sədri İlqar Nadiriyə satıldığı üçün sözügedən şəxslər başqa klub axtarışına çıxıblar. Onu da qeyd edək ki, potensial yeni sponsorlar "Cəbrayıl"ı da bir neçə məşqə çıxaran Elman Sultanovun "Mingəçevir"in baş məşqçi postuna gətirilməsini şərt kimi irəli sürüblər.
Xatırladaq ki, "Mingəçevir" geridə qalan "futbol ili"ndə hazırda "Karvan-Yevlax"da olan Ramiz Məmmədovun rəhbərliyi altında 1-ci Liqada 2-ci yeri tutaraq pley-offa yüksəlsə də, həlledici qarşılaşmada "Qəbələ"yə 0:2 hesabı ilə uduzub.
Toğrul