
Azərbaycan çempionu "Sabah" bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Danimarkada "Orhus" ilə üz-üzə gələcək. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyevlə əlaqə saxlayıb "bayquşlar"ın səfər matçından nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Danimarkanı adətən Çempionlar Liqasında "Kopenhagen" təmsil edir. "Orhus" haqda dərin məlumatım olmasa da, "Kopenhagen"i qabaqlayıb ölkə çempionatının qalibi adını qazanan rəqibin güclü komanda olduğu şübhə doğurmur. "Orhus"un əvvəlki mərhələdə öz meydanında 1:4 hesabı ilə uduzduğu "Lex"i Polşada geridönüş edərək eyni hesabla məğlubiyyətə uğratdığını və penalti seriyasında üstələyərək mübarizədən kənarlaşdırdığını da bilirik. Təbii ki, bizimkiləri çox çətin matç gözləyir. Danimarka çempionu "Sabah"ın bu yay qarşılaşdığı əvvəlki rəqiblərdən üstün kollektivdir. Ümid edirəm ki, Azərbaycan çempionu Danimarkadan sərfəli nəticə ilə qayıdacaq. Əlbəttə, hamımız "Sabah"ın ölkəmizi layiqincə təmsil edərək növbəti mərhələyə adlamasını arzulayırıq".
Nihat