
Azərbaycan çempionu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Orhus"a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunundan sonra mətbuat konfransında iştirak edib.
Fanat.Az xəbər verir ki, mütəxəssis güclü rəqibə qarşı çıxış etdiklərini bildirib:
"Bu gün bizim üçün çox çətin oyun oldu. Hesabda 0:2 geriyə düşdük, daha sonra fərqi azaltdıq. Bərabərlik qolunu vurmaq üçün ard-arda hücumlar təşkil etdik. Rəqibə təzyiq edən tərəf biz idik. Bu görüşdə bərabərə qalmağa layiq idik. Rəqib komanda iki möhtəşəm qolla qələbə qazandı. İlk oyunda qaçırdığımız qol epizodlarını cavab matçında dəyərləndirmək istəyirik. Bir top fərqlə geridəyik və mərhələni keçmək üçün şansımız var".
Qeyd edək ki, "Orhus" - "Sabah" qarşılaşması Danimarka təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.