
UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda "Dinamo"suna 0:1 hesabı ilə uduzan "Qarabağ" sabah rəqibini Bakıda qəbul edəcək. Ağdam təmsilçisinin sabiq futbolçusu Elgiz Kərəmli ilə əlaqə saxlayıb "köhlənlər"in Ukrayna komandası ilə ikinci duelindən nə gözlədiyini soruşduq.
Ötən mövsüm 1-ci Liqada "Şəfa"nı çempionluğa daşıyan mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"İlk oyunda "Qarabağ" 0:1 hesabı ilə uduzsa da, rəqibindən üstün oyun sərgilədi. Təmsilçimizin bir neçə qol fürsətindən yararlana bilmədiyini də unutmayaq. Hazırda Kiyev "Dinamo"sunun heyətində gənc oyunçuların sayı daha çoxdur. Yəni bu "Dinamo" əvvəlki qədər təcrübəli və əzəmətli deyil. Təbii ki, "Qarabağ"ın da heyəti yenilənib. Azərbaycan təmsilçisi son 3 oyunda qol vurmasa da, oyun planında "artırdığı" hiss olunur. Yenilərin uyğunlaşmasına, baş məşqçi Qurban Qurbanovun onlardan nə istədiyini tam şəkildə anlamasına vaxt lazımdır. Məncə, "köhlənlər" Bakıdakı matçda Polşadakından daha yaxşı oynayacaqlar. "Qarabağ"ın evdə qələbə qazanaraq mərhələni keçəcəyini düşünürəm".
Nihat