
Dünən "Sabah" UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda 1:2 hesabı ilə uduzduğu "Orhus"u Masazırda darmadağın edərək (4:0) qitənin ən nüfuzlu turnirinin pley-offunda iştirak hüququ qazandı. Artıq "bayquşlar"ın növbəti raundda Beer-Şeva "Hapoel"i ilə üz-üzə gələcəyi də dəqiqləşib. Azərbaycan millisinin sabiq hücumçusu, tanınmış məşqçi Samir Əliyev ilə əlaqə saxlayıb həm dünənki matç barədə fikirlərini, həm də pley-offdakı mübarizədən nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah” Danimarkadakı oyunda 1:2 hesabı uduzsa da, evdə parlaq qələbə qazandı. Oyundan əvvəl də təmsilçimizin "Ohus"u mübarizədən kənarlaşdıracağına inandığımı demişdim. Amma düzü, Azərbaycan çempionunun belə hesabla qalib gələcəyini gözləmirdim. İlk hissədə rəqib meydan sahiblərinin təzyiqlərinə tab gətirdi. İkinci yarının əvvəlində baş məşqçi Valdas Dambrauskasın əvəzetməsi vəziyyəti dəyişdi. Patrik Mbinanın oyundan alınması, onun əvəzinə Ksander Severinanın meydana buraxılması təzyiqin artması ilə nəticələndi. İlk qol çox önəmli idi. "Sabah" hesabı açandan sonra "Orhus" psixoloji planda sarsıldısa, ikinci qol qonaqların oyun planını da pozdu və komandamız daha iki dəfə fərqlənərək işi bitirdi.
"Hapoel" barədə dərin məlumatım yoxdur. Lakin Serbiya çempionunu - son vaxtlar Avropa səhnəsində adından söz etdirən "Srvena Zvezda"nı hər iki oyunda məğlub (1:0, 2:0) ediblərsə, səviyyəli kollektiv olduqları şübhə doğurmur. "Sabah"ın pley-offda da azarkeşləri sevindirəcəyinə inanıram".
Nihat