
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin Rumıniyada baş tutan birinci oyununda "Hapoel"ə (Beer-Şeva) 1:2 hesabı ilə uduzan "Sabah" avqustun 25-də, Tofiq Bəhramov adına Respublika stadionunda İsrail təmsilçisi ilə cavab matçına çıxacaq. Təcrübəli məşqçi Füzuli Məmmədovla əlaqə saxlayıb "bayquşlar"ın yəhudilərlə mübarizəsindən nə gözlədiyini soruşduq.
Hazırda 1-ci Liqa təmsilçisi "Şahdağ Qusar"ın "sükanı arxası"nda olan mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Sabah" birinci matçda 1:2 hesabı ilə uduzsa da, ən azı heç-heçəyə layiq oyunla yadda qaldı. Rəqibin heyətində fərdi keyfiyyəti yüksək olan, texnikalı oyunçuların sayı çoxdur. "Hapoel" məzmunlu həmlələr təşkil etməyi bacaran, topu müdafiədən hücuma inamla daşıya bilən kollektivdir. İlk qarşılaşmada rəqib hücuma keçərkən arxa xətdə müəyyən boşluqlara yol verirdi və Azərbaycan komandası bundan faydalanmaq şansları yaxaladı. Təəssüf ki, həmin epizodları qola çevirmək mümkün olmadı.
İkinci qarşılaşmaya qədər baş məşqçi Valdas Dambrauskasın "Hapoel"i daha yaxşı təhlil edəcəyinə şübhəm yoxdur. Artıq hər iki kollektiv bir-birini daha yaxşı tanıyır. Bu, ölüm-dirim oyunudur və "Sabah"ın heyətindəki futbolçular İsrail komandasını üstələyə biləcək səviyyədə oyunçulardır. Mənə elə gəlir ki, "Sabah" evdə dominant oynayaraq "Hapoel"i üstələyəcək. Təmsilçimizin 3-cü zonada pressinq edəcəyini və rəqibin birinci matçdakı kimi oynamasına imkan verməyəcəyini düşünürəm. Komandamıza uğurlar arzulayıram. "Sabah"ın evdə uğurlu oyun keçirərək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacağına inanıram".
Nihat