
Dünən AFFA 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin adını açıqlayıb. Sözügedən komanda ötən mövsüm 1-ci Liqada "Şəfa" ilə çempion olan 34 yaşlı mütəxəssis Elgiz Kərəmliyə tapşırılıb.
Kərəmli təyinatı ilə bağlı Fanat.Az-a açıqlama verib:
"U-19 milli komandasına baş məşqçi təyin olunmağım mənim üçün həm böyük qürur, həm də böyük məsuliyyətdir. Mənə göstərilən etimada görə AFFA rəhbərliyinə təşəkkür edirəm. Qarşıda bizi çətin və məsuliyyətli bir dövr gözləyir. İnanıram ki, düzgün iş prinsipi, intizam və futbolçuların böyük istəyi ilə yaxşı nəticələr əldə edə bilərik.
Mənim üçün əsas məsələ yalnız nəticə deyil, həm də Azərbaycan futboluna gələcəkdə fayda verəcək futbolçuların hazırlanmasıdır. Komandada sağlam rəqabət və birlik yaratmaq istəyirəm. Qarşıdakı müddətdə futbolçuları daha yaxından tanımaq, onların potensialını düzgün qiymətləndirmək və ən yaxşı heyəti formalaşdırmaq üçün çalışacağıq. İnanıram ki, birlikdə Azərbaycan futbolunun gələcəyi üçün yaxşı işlər görə bilərik".
Nihat