
Misli Premyer Liqasının 3-cü turunda Sumqayıtdakı "SOCAR Polymer Arena"da "İmişli"ni qəbul edən "Şəfa" 0:1 hesabı ilə uduzdu.
Bakı təmsilçisinin rumıniyalı müdafiəçisi Andrey Draqu matçın ardından fikirlərini Fanat.Az-a bölüşüb.
Arxa xətt oyunçusu məğlubiyyətin səbəbini belə izah edib: "Düşünürəm ki, müsbət nəticə qazanmaq üçün kifayət qədər keyfiyyətimiz var, lakin təəssüf ki, oyun boyunca ən yaxşı səviyyəmizi nümayiş etdirə bilmədik. Bəzi səhvlərə yol verdik və buna görə cəzalandırıldıq. Futboldur, olur belə şeyler. İndi ən vacib məqam bu oyundan dərs çıxarmaq, bir olmaq və işimizə davam etməkdir. Komandama inanıram və növbəti oyunlarda doğru reaksiyanı verə biləcəyimizə əminəm".
Draqu 4-cü turda "Neftçi"nin qonağı olacaq "hepardlar"ın qələbə uğrunda mübarizə aparacaqlarını vurğulayıb: "Məqsədimiz müsbət nəticə əldə etməkdir. "Neftçi"nin güclü komanda olduğunu bilirik, amma özümüzə inanırıq və qələbə üçün mübarizə aparacağıq. Yaxşı hazırlaşacağıq, meydanda hər şeyimizi ortaya qoyacağıq və müsbət nəticə qazanmağa çalışacağıq".
Nihat