
Sentyabrın 3-də 1-ci Liqada yeni mövsüm start götürəcək. "Baku Sportinq"in açılış turunun ilk oyun günündə "Karvan-Yevlax"ı qəbul edəcək. Buzovna təmsilçisinin baş məşqçisi Samir Ələkbərovla əlaqə saxlayıb komandasını mövsümə nə dərəcədə hazır saydığını və iddialı rəqiblə görüşdə hansı nəticəyə ümid etdiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlığı təmsil etdiyimiz Buzovnada keçdik. Heç kim komandasını mövsümə tam hazır saya bilməz. Faiz nisbəti ilə götürsək, 60-70 faiz hazırıq. Bu mövsüm Birinci Liqadakı mübarizə çox maraqlı olacaq. Üç-dörd komandanın çempionluq uğrunda mübarizə aparacağı dəqiqdir.
Rəqibləri bir-birindən fərqləndirmirik. İstər "Karvan" olsun, istər "Şimal" və ya "Migəçevir", fərq etməz, hər oyuna qələbə üçün çıxacağıq. İlk oyunlar həmişə çətin olur. Birinci görüşlərdə sürpriz nəticələr qeydə alınır. Yəni məqsədimiz qələbə olacaq. Amma 1 xal da götürsək, min şükür".
Qeyd edək ki, "Baku Sportinq Arena"da baş tutacaq "Baku Sportinq" - "Karvan-Yevlax" qarşılaşması 17:00-da başlayacaq.
Nihat