
Sentyabrın 3-də 1-ci Liqada yeni mövsüm start götürəcək. Çempionata bu yay baş məşqçi postunda Rüstəm Məmmədovu əvəzləyən Rakif Əliyevin rəhbərliyi altında hazırlaşan "Zaqatala" sentyabrın 4-də "Mingəçevir"in qonağı olacaq. Zaqatala təmsilçisinin yeni çalışdırcısı ilə əlaqə saxlayıb komandasını mövsümə nə dərəcədə hazır saydığını və "işıqçılar"la görüşdə hansı nəticəyə ümid etdiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Avqustun 6,7 və 8-də seleksiya xarakterli məşqlərimiz oldu. Bir gün istirahətdən sonra ayın 10-da hazırlığa başladıq. "Hypers" və "Qəbələ"nin əvəzedici komandası ilə yoxlama oyunları keçirdik. Klubun strategiyası gənc futbolçulara üstünlük verməkdir. Bu səbəbdən heyəti əsasən gənclərdən formalaşdırmışıq. 60-70 faiz istədiyim oyunçuları götürə bilmişik. Rayon elədir ki, oyunçuları dəvət edərkən onların burada qalmasına, qidalanmasına da şərait yaratmalısan. Bakıda hazırlıq keçən komandaların işi daha asan olur. Bu yöndə müəyyən problemlərimiz olsa da, öhdəsindən gələ bilirik.
Futbol fəlsəfəm, düşüncəm belədir ki, hər oyuna qələbə üçün çıxmaq lazımdır. Hədəfimiz böyük olmalıdır. Gənclərdən qurulmuş komandada işin nəticəsini zamanla görmək mümkündür. Bəlli məsələdir ki, Birinci Liqada yüksək maliyyə ilə mübarizə aparan, heyətinə daha təcrübəli futbolçuları qatan komandalar bir addım öndə olurlar. Bizdə daha çox gənclərdir. "Mingəçevir"lə oyuna maksimum nəticə qazanmaq üçün gedirik. Bu, mənim öz məqsədimdir. Hədəfimizə çatmaq istəyiriksə, öz üzərimizdə işləməyə davam etməliyik. Nəyin necə olacağını zaman göstərəcək".
Nihat