
Dünən 1-ci Liqada yeni mövsüm start götürdü. İlk oyun günündə iddialı MOİK öz meydanında çempionluğa əsas namizədlərdən sayılan "Şahdağ Qusar"a 0:1 hesabı ilə məğlub oldu. Qusar təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"İlk oyunlar həmişə çətin olur. Güclü rəqiblə mübarizə apardıq. MOİK həm heyətindəki futbolçuların keyfiyyətinə, həm də ümumi səviyyə baxımından çox yaxşı kollektivdir. Matçın ağır alınacağını öncədən bilirdik. Çünki rəqib barədə dərin məlumatımız da yox idi. Amma görüşə maksimal dərəcədə səylə hazırlaşmışdıq.
Qələbə qazandığımız üçün şadam. Futbolçularım meydanda böyük əzmkarlıq göstərdilər. Yüksək konsentrasiya ilə mübarizə aparmağa, rəqibə qol şansı verməməyə çalışdıq. Çox sayda qol epizodu yaratdıq. Hesab 2:0, 3:0 da ola bilərdi. Futbolçularımız yalnız müdafiədə yox, bütün mövqelərdə səhvsiz oynamağa çalışdılar. Rəqibə demək olar ki, qol epizodu vermədik. Əlbəttə, ön xətdə daha məhsuldar oynaya bilərdik. Bunun üzərində işləməliyik. Bütün komandanı, klubu təbrik edirəm. Oyunçularım çox istəkliydilər, çox əziyyət çəkdilər. Böyük əzmkarlığa, istəyə görə hamısına təşəkkür edirəm".
Nihat