
1-ci Liqanın açılış turunda "Mingəçevir"in qonağı olan "Zaqatala" evə 2:2 hesablı bərabərlik sayəsində əldə etdiyi 1 xalla döndü. Hazırlığa avqustun 10-da başlayan, əsasən gənclərdən qurulmuş qonaq komandanın baş məşqçisi Rakif Əliyevlə əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.
Bölgə təmsilçisinin baş məşqçi postunda bu yay Rüstəm Məmmədovu əvəzləyən mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Bildiyiniz kimi, heyətimiz əsasən gənc oyunçulardan qurulub. Hazırlığa da gec başlamışıq. Futbolçularımızda bir qədər təcrübə çatışmazlığı var. Bu da başadüşüləndir, çünki oyunçularımızın çoxu Əvəzedicilər Liqasından, klubların U-19 komandalarından və İkinci Liqadan götürdüyümüz 2005, 2006, 2007, 2008 doğumlu gənclərdir. Hətta futbolçularımızdan biri - Hacı Şahbazov 2010-cu il təvəllüdlüdür. Təcrübəli "Mingəçevir"lə səfərdə üz-üzə gəldik. Hamı bilir ki, Mingəçevir səfəri ağır səfərdir. Sıralarında təcrübəli futbolçular cəmləşmiş rəqiblə mübariə aparmaq həqiqətən çətin oldu. Həm də ilk oyun olduğuna görə rəqibi dərindən təhlil edə bilməmişdik. Özüm məşqçiliyə analitik kimi başladığıma görə təhlilə üstünlük verirəm. Lakin bu qarşılaşmada öz oyunumuzu sərgiləməyi uyğun saydıq. Uşaqlar verilən tapşırıqları yerinə yetirdikləri üçün onlardan razı qaldım. Zamanla daha yaxşı "Zaqatala" görəcəyik. Heyətimizə yeni oyunçular da qatmağı planlaşdırırıq. Gənc legionerlərlə güclənmək istəyirik".
Nihat