
1-ci Liqanın 3-cü turunda "Şimal"ın qonağı olan "Şahdağ Qusar" 4:1 hesablı darmadağınla favorit imicini doğrultdu. Şamaxı OİK stadionunda baş tutan görüşün ardından Qusar təmsilçisinin təcrübəli baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb qələbəni dəyərləndirməsini istədik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Şimal" aşağı pillələrdə qərarlaşsa da, rəqibin son oyunlarını təhlil edərkən turnir cədvəlində layiq olmadığı yerdə qərarlaşdığını gördük. "Şimal" balanslı futbol oynayır, kompakt şəkildə müdafiə olunur. Rəqibin zəif və güclü cəhətlərini özümüz üçün müəyyənləşdirmiş, futbolçuları bu barədə məlumatlandırmışdıq. Oyunun hansı məcrada keçəcəyini bilirdik. Futbolçularım matça hazır idilər. Müdafiəyə böyük diqqət ayırmaları bizə də problem yaratdı. Bu mənada ki, yaxaladığımız qol fürsətlərinin bir neçəsindən istifadə etməyə imkan vermədilər. Daha böyük hesabla qalib gələ bilərdik. Bizə qələbə ilə yanaşı, oyunçuların meydanda əzmkarlıq, xarakter nümayiş etdirməsi də vacib idi. Meydanda əzmkarlıq gördüyüm üçün şadam. Buna görə bütün oyunçularıma təşəkkür edirəm. Qarşıdakı matçlara hazırlaşacağıq".
Qeyd edək ki, hesabında 9 xal olan "Şahdağ Qusar" turnir cədvəlinin 1-ci pilləsində mövqe tutub.
Nihat