"Düşünürəm ki, "Qarabağ"ın avrokuboklardakı ən yaxşı oyunlarından biri, bəlkə də birincisi idi. Bunu rəqibin gücünü nəzərə alaraq, deyirəm. Sevinirəm ki, məğlub olmadıq, bir xal qazandıq". Fanat.Az xəbər verir ki, bu sözləri "Atletiko" ilə oyunla (0:0) bağlı danışan "Qarabağ"ın kapitanı Rəşad Sadıqov deyib.
Kapitan qələbə qazana bilmədikləri üçün təəssüflənir: "Belə bir hiss var. Oyunun sonlarında çox yaxşı imkanlarımız oldu. Qismət belə imiş. Çox çətin qrupa düşmüşdük. Qrupu xalsız başa vurma ehtimalı var idi. Lakin xal qazanmağı çox istəyirdik. Stadiona gələn azarkeşlər futboldan həzz aldılar. Həm "Atletiko", həm də bizim ifamızda yaxşı futbol oldu. Yaxşı mübarizə getdi, taktiki gedişlər edildi, kombinasiyalar, qol imkanları oldu. Deyərdim ki, qoldan başqa hər şey oldu".
Rəşad hakimləik haqqında da danışıb: "Mən hakimlər haqqında danışmağı sevmirəm. Amma rəqibə qarşı simpatiya açıq-aşkar görünürdü. Bu cür şeylərə hazır olmaq lazımdır. Böyük klublara həmişə simpatiya var. Hər şeyi hakimin boynuna yıxmaq istəmirəm. Yaxşı qol imkanlarımız oldu, istifadə edə bilmədik. Son vuruşlarda həyəcanlandıq. Bir xal da pis nəticə deyil".
Fanat.Az