"Ağır olacağını bilirdik. Gəncəyə 3 xal qazanmaq üçün gəlmişdik. Futbolçulara minnətdaram ki, sonadək mübarizə aparıb buna nail oldular". Fanat.Az xəbər verir ki, bu sözləri "Kəpəz"lə oyundan sonra "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov deyib.
Baş məşqçi 1:0 hesablı qələbə qazandıqları oyunla bağlı fikirlərini bildirib: "Bu mövsüm "Kəpəz”in Gəncədəki ilk oyununun bizimlə olması ajiotajın nə qədər böyük olacağından xəbər verirdi. Bunu və 4:0-lıq qələbədən sonra yaranmış arxayınçılığı nəzərə alıb komandanı bu qarşılaşmaya bacardığımız qədər kökləmişdik. Ümumilikdə istədiyim oyun alınmasa da, vacib olan 3 xalı qazandıq”.
Tərlan Əhmədov azarkeşlərə təşəkkür edib: "Azarkeşlərimizə də təşəkkür edirəm, Bakıdan bura gəlib bizimlə 90 dəqiqə həyəcan yaşadılar, dəstək verdilər. Onları sevindirdiyimiz üçün çox şadam".
Tərlan Əhmədov baş məşqçi təyin olunduğu zaman komandadan qruplaşmaların olduğunu demişdi. O, bu problemi hələ tam həll etmədiyini bildirib: "Yerlilər və əcnəbilərlə ayrı-ayrılıqda söhbət etdim. Amma dediyiniz məsələ hələ tam aradan götürülməyib. Bu gün onu bir daha hiss etdim".
Fanat.Az