Bir neçə gündü "Qarabağ"ın futbolçusu Dino Ndlovu və qapıçı İbrahim Şehiçin komandadan gedəcəyi ilə bağlı iddialar var.
Hətta goal.com saytı iddia edir ki, "Qarabağ" Ndlovunun keçidiylə bağlı "Hançjou Qrintaun"la danışıqlar aparır. Dino özü də getməkdə maraqlıdı. Cənubi Afrika mətbuatı isə rəqəm açıqlayıb. Belə ki, deyilənə görə "Qarabağ" 1 milyon avro istəyir, çinlilər isə 750 min təklif edir. Bəs, Ağdam klubunun mövqeyi bu məsələdə necədir? Danışıqlar aparılırmı?
Məsələ ilə bağlı klubun meneceri Asif Əsgərov açıqlama verib. Asif bəy sport7.az-a açıqlamasında iddialara münasibət bildirməklə yanaşı, qış hazırlıq planı haqda da danışıb:
"Konkret nəsə olsa, açıqlama verərik ki, futbolçunu buraxırıq və ya saxlayırıq. Hansısa mətbu orqan açıqlama verə bilər. Amma faktiki belə bir söhbət yoxdu. Futbolçudu, hər hansı klubdan təklif alanda bunu açıqlaması normaldı. Amma real olaraq bizim futbolçudu. Üstəlik, hansısa rəqəm üzərində danışıqlar aparılmır. Onun meneceri bizimlə əlaqə saxlamayıb deməyək. Ümumiyyətlə, futbolçularımızn hamısının meneceri ilə əlaqələrimiz var. Sadəcə, hər hansı klubla danışıq aparılmayıb. Saytlar özlərinə reytinq yığmaq üçün nəsə yaza bilər.
Şehiçə gəlincə, ümumiyətlə, heç bir futbolçumuz "Qarabağ"la rəsmi danışıqlar aparmayıb. Yaxud danışıqlar hər hansı bir mərhələdə deyil.
Hazırlıq planına gəlincə yanvarın 9-da yığışıb Antalyaya təlim-məşq toplanışına gedəcəyik. Fevralın 4-nə qədər Türkiyədə olacağıq. Sabahdan Qurban müəllim komandanı istirahətə buraxacaq. Bu gün sonuncu oyunumuz olacaq. Hələ yeni transfer filan məsələləri ilə bağlı ortada heç nə yoxdu".
Fanat.Az