UEFA Fair-Play və Sosial Məsuliyyət Komitəsindən AFFA-ya məktub daxil olub. Fanat.Az xəbər verir ki, məktubda "Kəpəz”in futbolçusu Viktor Oseqeylin hərəkətinə münasibət bildirilib.
Komitənin sədri Peter Gillieronun imzaladığı məktubun əsli "Kəpəz”ə, surəti isə AFFA-ya ünvanlanıb. Sənəddə Topaz Premyer Liqasının XI turunda Gəncə şəhər stadionunda keçirilmiş "Kəpəz” - "Qarabağ” oyununda meydan sahibi komandanın üzvü Viktor Oseqeylin nümayiş etdirdiyi fair-play nümunəsi təqdir olunub.
Həmin oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən "Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə "Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin etmiş, Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirmiş və hakim penalti qərarını ləğv etmişdi.
Qeyd edək ki, Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti arədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat verilmişdi.
Fanat.Az