"27-ci saniyədə qol buraxdıq. Uşaqlarda həyacan hiss olunurdu. Görünürdü ki, belə oyunlarda təcrübələri yoxdu. Rəqib pressinq tətbiq edirdi, hücuma çıxa bilmirdik. Qapıçımızın ilk hissədəki oyunu ümumiyyətlə xoşuma gəlmədi. Rəqib Almaniyanın aşağı liqasından olsa da, yaxşı komanda idi. Belə oyunlar bizim üçün yaxşı dərs olacaq". Fanat.Az xəbər verir ki, bu sözləri Almaniyanın "Vakker Nordhauzen" klubu ilə yoxlama oyunundan (0:3) sonra "Xəzər"in baş məşqçisi Elşad Əhmədov deyib.
"Mən həmişə çalışıram ki, təlim-məşq toplanışına güclü komandalarla oyunla başlayaq. Belədə zəif tərəflərimiz daha tez üzə çıxır. Sonrakı məşqlərdə çatışmayan cəhətlərin üzərində işləyib aradan qaldıracağıq" deyə baş məşqçi əlavə edib.
Elşad Əhmədov xaricdə toplanış keçməyin üstünlüklərindən danışıb: "Xaricdə toplanış keçməyin müsbət tərəfləri çoxdu. Bu hazırlıq bizim futbolçuların həm psixoloji, həm də texniki hazırlığına müsbət təsir göstərəcək. Adi bir epizodu deyim. Rəqibin müdafiəçisinin hansı sürətlə topu almağa qaçdığını hamınız gördünüz. Bizdə belə futbolçuların sayı çox azdı. Yəni güclü rəqiblərlə oyunlar komandanın hazırlığına yaxşı təsir edəcək".
Baş məşqçi bəzi futbolçulardan narazı olduğunu bildirib: "Hər iki hissədə fərqli heyəti meydana buraxdım. Məqsəd bütün uşaqların oynaması idi. Növbəti oyuna əsasən fiziki hazırlıq üzərində işləyirik. İstəyirəm ki, futbolçular bir az "yüksəlsin". Amma təəssüf ki, bəzi futbolçularımız hələlik bunu mənimsəyə bilmir".
Fanat.Az