Beynəlxalq dərəcəli hakim Tahir Süleymanov Avropa Millətlər Liqasının püşkünü və yığmamızın qrupunu özünəməxsus şəkildə dəyərləndirib. Fanat.Az xəbər verir ki, futbol adamı feysbukdakı hesabında belə yazıb:
Avropa Millətlər
Liqasının püşkü atıldı. Yeni turnirdi.
Zəif millilərə final yolunda bir vəsiqə üçün əlavə şansdır. Eyni zamanda Avropa
futbolunda təbəqələşmənin, monopolistlər tərəfindən zəiflərin qəbul
olunmamasının təsdiqi baş verdi...
Çoxdan idi böyük futbol dövlətləri UEFA-ya təzyiq edir, zəiflərlə
qarşılaşmaq istəmir, uzun səfərləri qəbulolunmaz sayırdı. Bu onlara həm futbol,
həm də komersiya baxımından sərf etmirdi. Böyük millilərlə qarşılaşmaq zəiflərə
sərf edir. Məğlubiyyətlər qaçılmaz olsa da yaxşı maliyyə əldə olunurdu...
Son 10-illiklərdə
ilk dəfədir ki, UEFA sponsorsuz yarış təşkil edir. Millətlər Liqasında millilər
ixtiyar sahibidir. Əlavə vəsait əldə etmək üçün qaydalar çərçivəsində İstəklərinə
uyğun istənilən addımı ata biləcəklər. Almaniya, İngiltərə, İspaniya, İtaliya,
Fransa və digər aparıcı futbol ölkələrinə bu sərfəlidir. Sponsor, teleyayım,
azarkeşlərdən külli miqdarda gəlir əldə edəcəklər. Zəiflər isə daha da zəifləyəcək.
Əsasən də ən zəiflərin liqasında...
Təsəvvür edin qrupumuzda baş tutacaq oyunlara hansı sponsor,
televiziya marağı ola bilər?! UEFA hörmət əlaməti olaraq liqaları rəqəmlərə
bölməyib. Biz bölək: Sonuncu liqa Avropanın 4-cü liqası deməkdir. Gedin
bacardığınız futbolu oynayın, əl-ayağa dolaşmayın deməkdir. Şərhə ehtiyac
qalmır...
Gələcəkdə belə bir addım klub futbolunda da atıla bilər.
Söz-söhbətlər səngimir. "Real", "Bavariya",
"Çelsi", "Barselona" və digər nəhənglər Azərbaycan,
Qazaxıstan kimi ölkəkərə səfər etmək istəmirlər. Böyük futbol çoxdandır böyük
biznesə cevrilib. Uzun məsafə, rəqiblərin zəifliyi, sponsor marağının olmaması
bunları şərtləndirir. Heç kim 100 milyonlarla qiyməti olan futbolçularını riskə
atmaq istəmir...
Millətlər Liqasının Azərbaycan üçün yeganə üstünlüyü bir vəsiqəni
əldə edib böyüklər arasına can atması olar. Əks halda palçıqda olan futbolumuz
daha da geriləyəcək, sabaha ümid tükənəcək...
İndidən strateji olaraq bunlar təhlil olunmalı, final yolunda
önəmli addımlar atılmalıdır...
Artıq rəqiblər "böyüdülür", "sığorta"
şirkətləri işə düşür, baş verə biləcək uğursuzluq təbliğ olunur. Bu uğursuzluq
yox, fiasko olar...
Əgər Farer adaları, Kosovo, Malta millilərindən qorxulacaqsa
onda Almaniya, Çexiya, Norveç qarşısında "niyədəyox" nə idi?!
Kosovonun legionerləri var, bir adada soyuq, bir adada isti
olacaq, üç günə iki oyun oynanılacaq...Sonra? Heç kimi bunlar maraqlandırmır və
maraqlandırmamalıdı da...
Son 10-12 ildə Azərbaycan futboluna yatırılan vəsaitlə tək
futbolu deyil, Kosovo, Farer Adalarını gül-çiçəyə çevirmək olardı. Rəqibləri
"böyütmək" yox, bunun haqqını tələb etmək lazımdır. Haqqın ödənilməsi,
bataqlıqdan çıxmağın tək yolu isə Avro-2020-nin final mərhələsi olmalıdır...
Son vaxtlar Azərbaycan futbolu Rusiya, Türkiyə ilə müqayisə
edilərək bizlərin əhali potensialımız qabardılmışdı. Kökündən yanlış fikirlərdir.
Xorvatiya, Uruqvay, heç 300 minlik İslandiyanı yada salan olmadı. Farer
adaları, Malta, Kosovonun isə toplam əhalisi Azərbaycan qədər deyil...
Bəhanələr kənara qoyulmalı, 100 milyonlarla xərclənən
pulların qarşılığı verilməlidir...
Azərbaycan dünyada palçıq vukanları ilə zəngin olan yeganə
ölkədir. Ya finalları təmin edib 70 minlik BOS-da xalqımız sevinməli, ya da
futbola cavabdehlər palçıq vulkanlarında palçığa batırılmış futbolumuzun
hesabatını verməlidirlər...
Kifayət qədər zaman, kifayət qədər vaxt var...
Uğurlar, Azərbaycan!
Fanat.Az