I divizionda qış fasiləsi başa çatıb və XIV tura start verilib. "Xəzər" fasilədən sonrakı ilk oyunda "Sabah"ı 3:0 hesabı ilə yenib. Oyundan sonra komandanın baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az-ın əməkdaşının da iştirak etdiyi brifinqdə baş məşqçi əvvəlcə oyunla bağlı fikirlərini bildirib.
- Birinci hissədə ola bilər ki, uşaqlar tam olaraq oyuna köklənməmişdi. Amma ikinci hissədə bütün güclərini meydanda qoydular. Demirəm ki, ilk yarıda yaxşı oynamadıq. Amma ikinci yarıda daha yaxşı oynadıq. Maraqlı oyun keçdi. "Sabah" da yaxşı komandadı, Premyer Liqaya çıxmağa layiq olduqlarını düşünürəm. Onlara uğurlar arzulayıram.
- Birinci hissədə qol vurmağa nə çatmadı?
- İlk oyun idi. Ola bilər ki, futbolçularda müəyyən həyacan var idi. Yeni gələn futbolçular uyğunlaşma prosesini keçməlidi. Özünüz Antalyada gördünüz ki, çatışmamazlıqlarımız var. Onları aradan qaldırmağa çalışırdıq. Müəyyən çatışmamazlıqlar olmalıdı. Bunlar olmasa, məşqçilərin də işi olmaz. Çalışıb problemləri aradan qaldıracağıq.
- Fasilədə nəyi dəyişdiz?
- Fasilədə söhbət etdik. Rəqibin bir-iki boşluqlarını dedik. Həmçinin oyuna daha ciddi yanaşmalarını istədik. Premyer Liqaya vəsiqə qazanmaq istəyiriksə, oyunlara daha ciddi yanaşmalıyıq. Dəyişikliklər də öz sözünü dedi.
- Ramil Həsənovun oyunu barədə nə düşünürsünüz?
- Ramil birinci hissədə özünü tam olaraq göstərə bilmədi. Özünə də dedim ki, 15 dəqiqə vaxt verirəm, özünü göstər. Amma mən istəyən oyunu sərgiləyə bilmədi. İnşallah özünü göstərəcək, yaxşı futbolçu olacaq.
- Bu oyun komandanın fiziki vəziyyətini necə göstərdi?
- Ola bilər ki, müəyyən çatışmamazlıqlar var. Amma özünüz də gördünüz ki, komanda sona qədər mübarizə apardı. Diqtə edən tərəf idik, topa nəzarət edirdik. Hətta 85-ci dəqiqədə rəqibin cərimə meydançasında prnssinq tətbiq edirdik. Demək olar ki, 80+85 faiz hazırıq.
- Komanda çox istəkli görünürdü. 2:0 hesabı ilə öndə olmağınıza rəğmən yenə irəli atılırdız. Sizcə, bu komandanı yormaz? Yoxsa, hər şeyi hesablayaraq belə oyun üslubunu tətbiq edirsiz?
- Yox, uşaqlar bunu kor-koranə etmirdi. 2:0-dan sonra topu saxlayandan sonra hücum qururdular. Üçüncü qol da bundan sonra vuruldu. Həmçinin bir neçə imkan oldu, yararlana bilmədik. Bu komandanın oyun üslubudu.
- Eltun Turabovun zədəsi var idi. Həmçinin Müşfiq Teymurova qarşı sərt oyun oldu. Onların vəziyyəti necədi?
- Eltun əvvəldən zədəli idi. Dəyişmək istədik. Amma dedi ki, oynayacam. Onun xarakteri var, mübarizə aparır. Ağrıya-ağrıya da oynadı. Müşfiqin vəziyyəti ilə bağlı hələ dəqiq məlumatım yoxdu.
- Hesab oyuna görə oldu?
- Onu da siz deyin (gülür).
Fanat.Az