AFFA-nın bəh-bəhlə yaratdığı yeni liqa məhəllə yarışından fərqlənmir. Əgər bu, pilot-layihədisə, əmin olun ki, qanadlana bilməyəcək.
Bəd niyyətli deyilik, qara gümanlarımızın səbəbi var. Çünki Region Liqası o qədər bərbad təşkil olunur ki, hətta bu yarışın təbliği də AFFA-ya lazım deyil. Ötən həftə baş tutan oyunlarla bağlı mətbuatda fotoreportaj, videoicmallar nədi, adi bir xəbər də getmir. Çünki əsas qaynaq rolunu oynayan assosiasiyanın rəsmi saytı da yarışa biganədi.
Qarışqadan fil düzəltməyi xoşlayan AFFA rəsmilərinin bu perspektivsiz yarışı unutmasının səbəbi var. Region Liqası çox bərbad təşkil olunur və iştirakçıların səviyyəsi, üstəlik, matçlar ətrafında baş verən olaylar onun təbliğatına imkan vermir.
Liqanın oyunlarının nəticələrini AFFA-nın saytından tapmaq mümkündü, lakin bunun üçün xeyli əziyyət çəkməlisən. Əvəzində ümumi mənzərəni görmək üçün İntizam Komitəsinin qərarlarına nəzər salmaq kifayət edir.
Məsələn, fevralın 25-də baş tutan "Şağan” – "Ümid Masallı” oyununda başverənlər yarışın ab-havasının nümunəsidi. Bu matçın 36-cı dəqiqəsində meydan sahiblərinin futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırılıb və 3 oyunluq cəzalanıb. Onun komanda yoldaşı Namiq Salayev isə aqressiv davranıb, hətta hakimlərə qarşı fiziki təzyiq göstərib. Bu səbəbdən o da 10 oyunluq diskvalifikasiya olunub.
İntizam Komitəsi bütün bunları nəzərə alaraq, "Şağan” klubuna daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
Bu, həmin "Şağan”dı ki, ötən tur matçın 60-cı dəqiqəsində oyunu tərk etmiş və texniki məğlubiyyət almışdı. Deməli, bu komandanın, ümumiyyətlə, yarışa buraxılması doöru deyilmiş. Region Liqasının təşkilatçılarının iştirakçıları seçərkən hansı meyarları əsas tutduğunu bilmirik, lakin fakt odur ki, belə komandalar pilot-layihənin beşikdəcə boğulmasına səbəb olacaq.
Mənbə: futbolinfo.az