"Çox pis hisslər keçirirəm. Oyundan sonra komandama dedim ki, bunun öhdəsindən gəlməliyik". Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"yə 1:2 hesabı ilə uduzan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis oyunla bağlı fikirlərini bildirib: "Bu gün ilk qolu rəqibə özümüz hədiyyə etdik. Ömrüm boyu belə oyun keçirdiyim yadıma gəlmir. İtkilərimiz var idi. Bu gün isə qırmızı vərəqə aldıq, bundan əlavə Ruslan Qurbanov zədələndi. Ola bilsin, onun ayağında sınıq olsun. Ancaq bunları bəhanə etmək istəmirəm. Bu gün stadiona çoxlu azarkeş gəlmişdi. Futbol ab-havası var idi. Təəssüf ki, onları qələbə ilə sevindirə bilmədik".
Vitali Vernidub ardıcıl ikinci oyundu səhv edir. Keçən görüşdə öz qapısına qol vurdu, bu gün "Qələbə" olunu onun səhvindən sonra qol buraxdı. Qriqorçuk onunla bağlı da danışıb: "Vitali ilə heç nə baş vermir. Ötən oyundan sonra onunla söhbətləşdik. Hətta zarafatla ona dedim ki, necə ola bilər müdafiəçi olasan, ancaq öz qapına qol vurmayasan? Bu oyunda şans verməsəydim, elə fikirləşərdi ki, məhz bu epizoda görə onu meydana buraxmadım. Bu gün isə şans verdim, yenə səhv etdi. Ancaq bu gün oynamasaydı, deyə bilmərəm ki, fərqli nəsə olardı".
Baş məşqçi "Komandanın zəif oyun sərgiləməsini artıq indidən kubok barədə düşünməsi ilə izah etmək olar" sualına belə cavab verib: "Necə yəni? Demək istəyirsiniz biz çempionat barədə düşünmürük? Biz çempionatdan əlimizi üzməmişik. Təkcə kubok barədə düşünmürük. Hər iki yarışa ciddi yanaşırıq. Düşünmürəm ko, komanda mübarizə aparmırdı. Sadəcə, oyun alınmadı".
Fanat.Az