Dünən baş tutan "Keşlə” – "Qəbələ” matçı xoşagəlməz olayla da yadda qalıb.
Topaz Premyer Liqasının heç-heçə (1:1) başa çatan bu oyununun gedişində məşqçi – futbolçu davranışının eybəcərliyi üzə çıxıb. Fanat.Az "futbolinfo”ya istinadən xəbər verir ki, uşaq futbolunda adət etdiyimiz futbolçunun təhqir edilməsi olayı bu dəfə 20-ci tur matçında yaşanıb. Və yenə baş rolda yaşlı-başlı məşqçi olub.
"Keşlə”nin qapıçılar üzrə məşqçisi Cəmaləddin Əliyev adəti üzrə yenə oyunu tribunadan izləyib. O, media sektorunun aşağısında, komandasının ehtiyat oyunçular skamyasının arxasında futbolçulara göstəriş verərkən özündən çıxıb.
32-ci dəqiqədə meydan sahiblərinin gənc oyunçularından olan Cabir Əmirli arxaya ötürmə verərkən səhv edib. Onun müdafiəçilərə göndərmək istədiyi top rəqib futbolçu Baqali Daboya düşüb və hücumçu hesabı açıb. O, səhv ötürmə edən kimi, epizoda reaksiya verən Cəmaləddin Əliyev "Sənin...” deyərək futbolçunun valideynlərini təhqir edib və müdafiəçi fasilədə əvəzlənib. Yazılması mümkün olmayan bu sözləri yaxın ətrafdakı bütün insanlar eşidib.
Fanat.Az