Araz Abdullayev icarə əsasında oynadığı Cənubi Kiprin "Anortosis" klubundan ayrıla bilər. Fanat.Az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
Həmkarlarımızın məlumatına görə, 25 yaşlı futbolçunun müqavilə ilə məxsus olduğu "Qəbələ" "Anortosis"dən 150 min avro təzminat istəyir. Cənubi Kipr klubu isə bu məbləğin yüksək olduğunu bildirirək ödəmək istəmir.
"Qəbələ" ilə "Anortosis" arasında yayda bağlanmış icarə müqaviləsində bu bənd salınıb. Həmin bəndə əsasən kiprlilər Arazın transfer hüququnu almaq istəsələr, 150 min avro ödəməlidilər. Vaxtı ilə bu maddəyə razılıq verən "Anortosis" indi qiyməti aşağı salmağa çalışır.
Qeyd edək ki, Araz Cənubi Kipr klubunun heyətində 27 rəsmi oyuna çıxaraq 3 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fanat.Az