I divizionun XXV turunda "Qaradağ Lökbatan"ı 3:1 hesabı ilə məğlub edən "Xəzər"in baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb. Fanat.Az baş məşqçinin fikirlərini təqdim edir.
- 6 xallıq oyun idi. Gözlədiyiniz oyunu meydanda görə bildiz?
- Düz deyirsiniz, 6 xallıq oyun idi. "Qaradağ Lökbatan" bizdən 19 xal qabaqda idi. Bilmirəm onlarda nə baş verir. Komanda öz oyununu göstərir, amma nəticə yoxdu. Bəlkə də bəxtləri gətirmir. Öz komandama gəlincə, uşaqlar meydana çıxıb öz oyunlarını oynadılar. 85-90 faiz istəklərimizi həyata keçirib, qələbə qazandıq. Azarkeşlərimizi də qələbə münasibəti ilə təbrik edirəm, sağ olsunlar bizə dəstək oldular.
- Bildiyimiz qədər tənqidi də normal qarşılayan insansınız. Maraqlıdı ki, qapıçınız niyə belə oyun sərgiləyir? Həddən artıq çox riskə gedir və bunu Premyer Liqada heç kim bağışlamaz...
- Olsun. Gördünüz ki, buraxdığımız qoldan sonra mən özüm də dedim ki, problem yoxdu, yenə ayağa oynayın. Biz burda öyrənməyib, harda öyrənəcəyik? Mən heç nədən qorxmuram. Risk olacaqsa, qoy olsun.
- Çempionluq oyununda?
- Olsun, problem yoxdu. 3 dəfə təhlükəli vəziyyət yarandı, üçündə də vəziyyətdən çıxa bildi. Fikrimcə, bacardığımız şeyi bacardığımız qədər edək. Rəqib bizi sıxacaq deyə qorxmaq lazım deyil. Vəziyyətdən çıxmaq barədə fikirləşmək lazımdı.
- Yəni planınız bu idi?
- Bəli. Dünənki məşqdə bilirdik arxa xəttdən bizə təzyiq edəcəklər. 1:0 hesabı ilə udduğumuz ilk oyunun ikinci yarısında bizə pressinq tətbiq edirdilər, qoymurdular hücuma çıxaq. Amma bunun üzərində iki gün çalışmışıq.
- Birinci hissədə komandada böyük həyacan hiss olunurdu. Amma ikinci hissədə sanki qanadları açıldı...
- Fasilədə futbolçularla söhbətimiz oldu. Söz verdilər ki, meydana çıxıb qələbə qazanacağıq. Hətta 2 qol vuracaqlarını, 3:1 hesabı ilə qalib gələcəklərini dedilər. Özlərinə inanaraq çıxdılar. Demək olar ki, son dövrlərin ən maraqlısını bugünki matçın ikinci hissəsində sərgilədik.
- Qolların vurulmasında iki nəfərin xidməti diqqəti çəkdi. Biri Elmir idi, biri də əvəzetmədən meydana çıxan Ramin...
- Bəxtiyarın da qolların vurulmasında böyük xidməti oldu. Raminin də dəstəyi oldu. İstedadlı və prespektivli futbolçudu. Onu komandaya böyük ümidlərlə götürmüşdük, amma hələ istədiyimi ala bilmirəm.
- Nədən narazı qaldız?
- Meydançanın vəziyyəti ürəkaçan deyildi. Top yerə dəyib göyə qalxır. "İnter Arena"da isə belə deyil, daha rahatdı. Meydançadan narazı qaldım. Amma maraqlı futbol oldu, oyundan razı qaldım.
- Astronomik xal fərqini aradan qaldırmısız. Qarşıdakı iki turda üstünlüyünüzü qoruya bilməsəz, özünüzü bağışlaya biləcəksiniz?
- Biz başlayanda nə "Qaradağ Lökbatan"ı fikirləşdirik, nə də digər komandaları. Məqsədimiz Premyer Liqa üçün normal komanda formalaşdırmaq idi. Yolumuza davam edirik. İki oyunda da çalışıb, istədiyimiz nəticələri qazanacağıq.
Fanat.Az