AFFA "Keşlə"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verməyib.
Fanat.Az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb:
"UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Fair Play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın Klub Yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidir. Qaydalardan biri "3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidir.
Məlum olduğu kimi, "Keşlə” PFK "İnter” PİK-in davamçısı qismində Topaz Premyer Liqasında iştirak edir. AFFA bu məsələ ilə bağlı "Keşlə” PFK-ya istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də "Keşlə” PFK tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldu və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, "Keşlə” PFK-ya lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq".
Qeyd edək ki, AFFA avrokuboklarda iştirak üçün "Qarabağ", "Qəbələ", "Sumqayıt", "Neftçi" və "Zirə"yə lisenziya verib. "Keşlə" kubokun finalına vəsiqə qazana bilib. UEFA-dan müsbət cavab gəlməsə, klub kuboku qazansa belə, avrokuboklara gedə bilməyəcək.
Fanat.Az