Qış fasiləsində "Keşlə"yə bir növcavan gətirildi. Bu, həmin ərəfələr idi ki, komanda üçün baş məşqçi axtarılırdı.
Baş məşqçi müəyyənləşdirilməmiş futbolçu icarəyə götürən klubun ciddiyyəti haqda danışmaq yersizdir. Ancaq bir məqam haqqında danışmaq mütləqdir.
Pablo Padio qış transfer dövründən mövsümün sonunadək cəmi 2 oyuda meydana buraxıldı. İndi klub rəsmisi Rəmiş Malıyev açıqlayır ki, futbolçu ilə yollar ayrıldı.
Nəyə görə cəmi iki oyunda meydana buraxılan bir oyunçu üçün bir neçə ay icarə haqqı ödənməliydi?
Yenə bunu baş məşqçi istəyib, gətirsəydi, heç olmasa, sorğu-sual etməyə hədəf olardı, bu anormallığı klubun meneceri edib. Təbii ki, özbaşına etməz. Bu cür məsələlər çox klubda olur. Buna "yeyinti" deyirlər.
"Keşlə"nin büdcəsi AFFA-da ayrılır. Yəni SOCAR-dan. Lap yəni isə sənin-mənim haqqımdan - neft gəlirlərindən ayrılan vəsaitlə.
Bəs nə ixtiyarla o vəsait belə dərəbəyliklə, kimlərisə mənfəəti üçün rahatlıqla məsrəf edilməlidir?
5 ay icarə haqqı ödənən futbolçu; zədə yox, fors-major situasiya yox - meydana niyə çıxmayıb?
Əlbəttə ki, özünə hörməti olan baş məşqçi ondan xəbərsiz götürülən futbolçunu oynatmaz. Hər işin öz qaydası var. Komandaya yeni oyunçunun cəlb edilib-edilməməsinə dair yekun qərarı baş məşqçi verir.
Bir futbol klubu öz gəliri olmayan maliyyə ilə nədən bu cür rəftar etməlidir? Haqqı-hesabı, səbəbi hardan, kimdən sorulmalıdır?
Şəffaflıq meyarlarına tam əməl etdiyini tez-tez vurğulamaqdan həzz alan AFFA rəhbərliyi bu cür halların araşdırılmasında maraqlıdırmı?
Yəni süni klub yaradıb, neft pulları hesabına onu saxlamaq - OK, bunu birtəhər həzm etdik, bəs bu pulları bu cür aşkarlıqla mənimsəmək nədir? Niyə ayrılan büdcənin məsrəfinə nəzarət yoxdur?
"Keşlə"nin Müşahidə Şurası hara baxır?
Heç yer baxmır. Yoxdur. Şuranın bir sədri var, özünün "Səmayə" adlı şirkətini komandanın formasında, stadionda reklam edir. Şuranın sədri heç bir sərmayə yatırmadığı klubdan öz biznes maraqları üçün istifadə edir və bunu çox rahatlıqla edir.
AFFA-nın hələ də neft pullarını hara məsrəf etdiyi, kimlərə etibar etdiyi düşündürmür?
Yaxşı yol, Padio. Sənlik bir şey yoxdur. Sən danışılmış şərtə əməl etdin - 5 ay ehtiyat skamyasında oturub, aylıq məvacibini aldı, onun da bir hissəsi klubdakı mənfəətbazların cibinə getdi...
Futbolpress.az