"Azərbaycan çempionatının başa çatmasına bir ay qalmış klub prezidenti tərəfindən komandada işimi davam etdirməklə bağlı təklif gəldi. Biz bütün sualları müzakirə etdik və ortaq məxrəcə gəldik. Nəticədə "Keşlə”də qalmağa razılaşdım. İyunun 20-də Azərbaycana dönəcəyəm. Bundan sonra daha bir mövsümlük müqaviləni rəsmiləşdirəcəyik".
Fanat.Az xəbər verir ki, bu sözləri "Keşlə”nin baş məşqçisi Yuri Maksimov deyib.
Vətənində "Komanda 1” saytının suallarını cavablandıran ukraynalı mütəxəssis müqavilə məsələsinin kubokun finalından əvvəl müzakirə edildiyini bildirib: "Yeni müqavilə ilə bağlı söhbət finala qədər olmuşdu və həmin qarşılaşmanın nəticəsi klubdakı gələcəyimə təsir etmirdi. Amma Azərbaycan Kuboku - qalib gəlmək istədiyim yeganə turnir idi. Biz finala qədər irəliləmişdik və heç kim titulun bir addımlığında dayanmaq istəmirdi".
Maksimov "Azərbaycan Kubokundakı qələbəni məşqçi karyeranızın ən önəmli nailiyyəti saymaq olarmı" sualına belə cavab verib: "Niyə? "Mordoviya" ilə Rusiya Premyer Liqasına vəsiqə qazanmışdıq. Fikrimcə, Rusiya I Divizionunun səviyyəsi yüksəkdir və orada çempionatın qalibi olmaq kifayət qədər çətindi".
Mütəxəssis "Keşlə"də qalmaq üçün ona təsir edən amilləri açıqlayıb: "İlk növbədə, bu komandada perspektiv görürəm. Futbolçuların özləri də inkişafa can atır, irəli gedir, əldə olunmuş nailiyyətlərlə kifayətlənmirlər. Digər tərəfdən, "Keşlə" Avropa Liqasının təsnifat mərhələsində oynamaq hüququ qazanıb. Bu da gənc komandamız üçün böyük çağırışdı. Bütün bu faktlar Azərbaycanda qalmaq qərarıma təsirini göstərdi".
"Komanda çempionatın gedişində cəmi 2 aya yaradılıb. Fikrimcə, istədiyimiz kollektivin görmək üçün heyətimizi bir neçə mövqeyə hardasa 4 legionerlə gücləndirmək və bir neçə yerli oyunçu dəvət etmək lazımdı. Gələn mövsüm "Keşlə" ambisiyalı olacaq. Mövsümün ikinci yarısındakı çıxışımız bizə ümid və yüksək yerlər uğrunda mübarizə perspektivi verir. Biz mütləq buna can atacağıq" deyə Maksimov bildirib.
Fanat.Az