"Maraqlı oyun izlədik. Baxmayaraq ki, qapımıza təmiz penalti təyin edildi və rəqib hesabda önə keçdi, futbolçularıma təşəkkür edirəm ki, azlıqda qalsaq da, mübariz ruh nümayiş etdirdilər və son dəqiqələrdə bərabərlik qolunu vura bildilər".
Fanat.Az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.
Baş məşqçi "3 oyuna 4 xal yaxşı nəticə hesab edilə bilərmi" sualına belə cavab verib: "Qarşımıza konkret neçə xal toplamaq məqsədi qoyulmayıb. Qismət belə imiş".
Süleymanov yeni hücumçu Atilla Yıldırımın debütü oyunu ilə bağlı fikir bildirib: "Atilla ikinci hissədə meydana daxil olsa da, xoş təsir bağışladı. Güc futboluna üstünlük verir. Yaxşı ki, indi fasilə var, formaya düşə bilər".
Fanat.Az