"Püşkün nəticəsindən razıyam. Daha güclü rəqiblə də düşə bilərdik. Misal kimi Almaniyanın "Herta” və Yunanıstanın PAOK komandalarını göstərə bilərəm”.
Fanat.Az xəbər verir ki, bu sözləri UEFA Gənclər Liqasının I mərhələsində "Qəbələ” ilə qarşılaşacaq Moldovanın "Şerif” klubunun baş məşqçisi Luka Pavloviç klubun rəsmi saytına müsahibəsində deyib.
Rəqib çalışdırıcı "Qəbələ”ni tanımadığını bildirib: "Bu komanda haqda heç nə bilmirəm. Amma Azərbaycanda futbolun inkişaf etdiyindən xəbərim var. Ölkə futboluna böyük sərmayə qoyulur. Orada güclü futbol məktəbləri fəaliyyət göstərir. Birmənalı olaraq, bizə asan olmayacaq. Rəqibin oyununu hərtərəfli analiz etmək, özünə və gücünə inanan kollektiv formalaşdırmaq lazımdı. Təhlil rəqibin güclü və zəif cəhətlərini bizə göstərəcək. Bundan sonra Azərbaycanda keçiriləcək ilk oyunun planını quracağıq. İlk oyunun səfərdə keçirilməsi bizim üçün yaxşıdı. Bu, cütün qalibinin müəyyənləşəcəyi cavab matçına hazırlıq baxımından önəmlidi. Əsas odu ki, səfərdə müsbət nəticə qazanaq”.
Qeyd edək ki, bu komandalar arasında ilk oyun oktyabrın 3-də Qəbələdə, cavab görüşü oktyabrın 24-də Tiraspolda keçiriləcək. "Qəbələ" "Şerif" səddini adlayacağı təqdirdə, "Herta" (Almaniya) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun noyabrın 7-də Qəbələdə, cavab matçı isə noyabrın 28-də səfərdə keçiriləcək.
Fanat.Az