Topaz Premyer Liqasının4-cü turuçərçivəsində "Sabah”a səfərdə minimal hesabla uduzan "Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov yenilgini dəyərləndirib.
Fanat.Az xəbər verir ki, matçın ardında düzənlənən mətbuat konfransında gənc mütəxəssis belə deyib:
"Deyiləsi bir şey yoxdu. Birqapıya oyun izlədik. Yaratdığımız imkanlardan istifadə edə bilmədik. Əvvəldən də bilirdik ki, "Sabah” belə oynayacaq. Hücumları biz etdik, rəqib fərqləndi. Ağır dönəm yaşayırıq. Ardıcıl 3 oyundu qələbə üzünə həsrətik. Oyundan razı olsam da, nəticə pisdi. Vəziyyətdən çıxış yolu axtaracağıq. Psixoloji təzyiq altına düşməməliyik. Əsas olan uşaqların qələbəsizlikdən sarsılmamasıdı”.
Texniki zonada yetərincə emosianal görünən Qurbanov hakimlərə ciddi iradının olmadığını açıqlayıb:
”Ciddi nöqsan görmədim. Yəni xüsusi iradım yoxdu. Ola bilər hansısa xırda epizodlara reaksiya vermişəm. Təkrara baxandan sonra konkret fikir bildirmək olar”.
Fanat.Az