"Hamı gördü ki, çəkinmədən öz oyunumuzu göstərdik. Əlimizdən gələni edirdik ki, epizodlar yaradıb qol vuraq. "Arsenal" kimi komandaya qarşı çıxış etmək hər komandanın işi deyil. Biz də onlardan çəkinmədən oynadıq. "Arsenal" çox səviyyəli komandadır və onlara qarşı yaxşı mübarizə apardığımızı düşünürəm".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev Bakıda İngiltərə "Arsenal"ına 0:3 hesabı ilə uduzduqları Avropa Liqasının oyununan sonra deyib.
Kapitan Mahir Mədətovun azarkeşlər tərəfindən fitə basılmasına, əvəzində Məsut Özilin alqışlanmasına da münasibət bildirib: "Mahir gənc və potensiallı oyunçudu. Azarkeşlərin onu fitə basması yaxşı hal deyil. Mədətova indidən belə təzyiq etsələr, gələcəkdə potensialını ortaya qoya bilməyəcək. 21 yaşında "Arsenal" kimi böyük kluba qarşı oyunda iştirak edirsə, onda həyəcan ola bilər. Çünki bizim kimi təcrübəli oyunçularda belə, həyəcan olur. Məsut dünya səviyyəli oyunçudu, həm də bir tərəfi türkdü. Ona görə də azarkeşlərin onu alqışlaması normal haldı".
Fanat.Az