"Təəssüflənirik, dilxoruq. İki oyundu çoxsaylı qol imkanları yaradırıq, ancaq yenə uduzuruq. Qorxduğumuz başımıza gəldi. Əks-hücumdan qol buraxdıq".
Fanat.Az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın IX turunda "Sabah"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
Baş məşqçi müdafiə xəttindən şikayətlənib: "Bəxtə şikayət etmək istəmirəm. Bu cür müdafiəsi olan komandanın bəxtdən danışmağa haqqı yoxdu. Rəqiblər əziyyət çəkməsin, özümüz imkan verəcəyik qol vurmağa. Məşqdə hazırlaşdığımız bir çox şeylər alındı. Rəqibə təzyiq etməyimiz bəhrəsini verdi. Müdafiədə artıq yaraşmayan, futboldan uzaq hərəkətlər gətirib qola çıxardı. Hər bir oyuna eyni heyətlə çıxa bilmirik. Bu gün Skarlatakemiz yox idi. Belə şeylər bizə bəraət qazandırmır. "Zirə" adına xoş hal budu ki, oyundan oyuna artırırıq. Bilirəm ki, bu, birdən-birə düzəlmir. Adam topu çıxaranda bilmir ki, hansı zonaya çıxarmaq lazımdı, hardan təhlükə gəlir".
Hesabı bərabərləşdirəndən sonra "Zirə" tam heyətlə irəli atılmış və yekunda əks-hücumdan qol buraxaraq məğlub oldu. Smir Abasov bununla bağlı da danışıb: "Özüm-özümü də paltardəyişmə otağında söyürdüm. Epizodda sanki hiss etmişdim ki, qol buraxacağıq. Təəccüblü olsa da, oyunumuzu İlkin Muradov aparırdı, onun mövqeyini dəyişən kimi qol vurduq. Bundan sonra həvəs yarandı. Təzyiqimiz düz idi. Topu hara gəldi vurmurduq. Ağıllı oynayırdıq. Amma topu çıxarırsansa, peşəkarsansa, bilməlisən ki, hara vurursan. Çox üzgünəm. Azarkeşlərə deyirəm ki, səbirli olsunlar. Bir günə alınan deyil. Rəhbərliyin də istəyi odur ki, komanda layiq olduğu yerə qayıtsın. Bir az gözləməli, səbirli olmalıyıq. Bir günün içində nəyisə dəyişmək üçün sehirli çubuğum yoxdur. İnanıram ki, komandamız ən yaxşılardan olacaq".
Fanat.Az