"Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq. Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. Çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının IX turunda evdə "Qarabağ”a qalib gəldikləri oyundan (3:1) sonra deyib.
İtaliyalı mütəxəssis 3 mərkəz müdafiəçisi ilə oynamalarının səbəbini açıqlayıb: "Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq".
Bordin eyforiyaya qapılmayacaqlarını bildirib: "Futbolda hər cür nəticə olur. Əsas odu ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundu, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odu ki, bu yolda davam edək".
Fanat.Az